Logo

AMEA-da yazıçı-alim Sadıq Qarayevin 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO

26.06.2024 20:27 129 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yazıçı, biologiya üzrə fəlsəfə doktoru, dosent Sadıq Qarayevin 50 illik yubileyinə həsr olunmuş “Azərbaycançılıq məfkurəsinə sədaqət nümunəsi” adlı tədbir keçirilib.

Akademiyadan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Sadıq Qarayevin yazıçı, alim və ictimai xadim olaraq vətənpərvər fəaliyyəti ilə tanındığını, əsərlərində azərbaycançılıq məfkurəsi və ideyasını əsas tutduğunu vurğulayıb. Akademik qeyd edib ki, müxtəlif elm sahələrini təmsil edən insanların həm də bədii sənət və yaradıcılıqla məşğul olması təqdirəlayiq haldır. Bu mənada, Sadıq Qarayev həm elmi-fəlsəfi, həm də bədii üslubda yazdığı əsərləri ilə Azərbaycan ədəbiyyatında yeni cığır yaradıb, milli və bəşəri dəyərləri özünəməxsus tərzdə əks etdirib, azərbaycançılıq ruhu və şüuruna dair mülahizələrini qələmə aldığı əsərlərində ustalıqla ifadə edib: “Azərbaycançılıq məfkurəsi” onun bir əsərinin adıdır, amma bu ideya onun bütün əsərlərinin mərkəzində durur”.

Akademik İsa Həbibbəyli Sadıq Qarayevin “Sahilsiz təzadlar”, “Sahibsiz kölgələr”, “N” saylı qəhrəmanlıq” adlı irihəcmli elmi-fəlsəfi, tarixi romanlarının, eləcə də, hekayə, esse və publisistik yazılardan ibarət “Sarvansız zamanlar”, “Azərbaycançılıq məfkurəsi” kitablarının adlarını sadalayıb, onların ümumi xülasəsini xarakterizə edib.

Sonra tədbirdə “Azərbaycançılıq məfkurəsi” adlı videoçarx nümayiş olunub.

Tədbirdə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun “Azərbaycançılıq məfkurəsinə sədaqət nümunəsi” mövzusunda məruzəsi dinlənilib.

Yubiley tədbirində, həmçinin Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev,

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rektoru vəzifəsini icra edən, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanov, AMEA-nın Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov çıxış ediblər.

Çıxışların ardınca “Aləmlərin söhbəti” adlı videoçarx izlənilib.

Daha sonra Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun kollektivi adından təbrik məktubunu institutun əməkdaşı biologiya üzrə fəlsəfə doktoru Xuraman Xəlilova diqqətə çatdırıb.

Sonda alim-yazar Sadıq Qarayev tədbirin təşkilinə görə AMEA rəhbərliyinə və iştirakçılara minnətdarlığını bildirib.

Xəbər lenti