Əqli mülkiyyət və innovasiyalarla bağlı olan bu tədbir COP29 ərəfəsində keçirilir. COP29-un Azərbaycanda keçirilməsi təsadüfü deyil. Bu, Azərbaycan dövlətinin dünyada bütün sahələrdə nüfuzunun göstəricisidir.
TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masada söyləyib.
Nazir müavini qeyd edib ki, son illər dünyanın əksər inkişaf etmiş ölkələrinin iqtisadiyyatında köklü dəyişikliklər baş verib. Əqli mülkiyyət milli iqtisadiyyatın hərəkətverici qüvvəsinə çevrilib. Əqli mülkiyyət iqlim dəyişikliklərinin təsirini azalda biləcək bir çox texnologiyalar təklif edir.
F.Qurbanov elmi müəssisələrdə edilən ixtiralardan danışıb, gələcəkdə universitetlərdə araşdırmaların gücləndirilməsinin vacibliyini qeyd edib. O, ekoloji mədəniyyətin qorunmasında kadrların hazırlanması üçün imkanlar olduğunu söyləyib.
Nazir müavini iqlim dəyişikliyinin təsirləri ilə mübarizədə ekoloji cəhətdən təmiz texnologiyaların təşviqinin və texnologiyaların sürətli yayılmasının vacibliyini diqqətə çatdırıb. Nazir müavinin sözlərinə görə, əqli mülkiyyət ekosistemin müxtəlif subyektləri arasında qarşılıqlı əlaqələr təmin olunmalıdır. Elm və Təhsil Nazirliyi də bu sahədə fəaliyyətini gücləndirəcək.
Elm və təhsil nazirinin müavini bu dəyirmi masanın yaşıl gələcəyimizin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu deyib.