Logo

Aşqarlar Kimyası İnstitutunun laboratoriyalarının fəaliyyətinə dair müzakirə aparılıb

25.10.2024 09:53 55 baxış
IMG

Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda fəaliyyət göstərən laboratoriya və şöbələrin 2024-cü ildəki elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclasları keçirilib.

Baş direktor akademik Vaqif Fərzəliyev bildirib ki, noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 iqlim konfransı və Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” institutun elmi fəaliyyəti üçün müəyyən nailiyyətlərlə yadda qalan bir il olmaqdadır: “Bu nailiyyətlər fundamental və tətbiqyönümlü mühüm nəticələrin əldə olunması, həmin nəticələrin nüfuzlu beynəlxalq bazalarda arxivləşmiş, yüksək təsir əmsallı Q1-Q4 klassifikasiyalı jurnallarda dərc olunması, beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, yüksəkixtisaslı kadr hazırlığı, elmlə təhsilin inteqrasiyası, elmin populyarlaşdırılması və gənclərin elmə həvəsləndirilməsi, cəlb olunması və sair istiqamətləri əhatə edir”.

Sonra laboratoriya müdirləri təqdimatlarla çıxış edərək 2024-cü ilin fəaliyyət planına və prioritet istiqamətlərinə uyğun olaraq yerinə yetirilən elmi tədqiqatlar, əldə olunan nəticələr barədə məlumat verib, qarşıda duran prioritet məsələlər, problemlər və onların həlli yolları haqqında təklif və tövsiyələrini səsləndiriblər.

Məruzələr ətrafında fikir mübadiləsi aparılıb.

Sonda hesabatlara yekun vuran akademik V.Fərzəliyev görülən işləri məqbul hesab edib, eyni zamanda, aparılan elmi tədqiqatlarda kəmiyyət və keyfiyyət göstəricilərinin daha da yaxşılaşdırılması istiqamətində laboratoriyaların mövcud potensialı və maddi-texniki bazasının imkanlarının tam səfərbər edilməsinin zəruriliyini qeyd edib. O, xüsusən növbəti ildə institutda elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, ölkənin beynəlxalq səviyyəli müştərək fundamental və tətbiqi araşdırmalarla əlaqələndirilməsi, onların nəticələrinin sosial-iqtisadi və digər sahələrdə tətbiqinin təmin edilməsi, elmi kadrlardan düzgün istifadə edilməsi istiqamətlərinə diqqət yetirilməsini vacib hesab edib, lazımi tövsiyələrini verib.

Xəbər lenti