Logo

Dünyanın gələcəyi, iqlim dəyişikliyi və ətraf mühit - seminar

24.10.2024 17:15 57 baxış
IMG

Akademik Zərifə Əliyeva adına liseydə “Dünyanın gələcəyi, iqlim dəyişikliyi və ətraf mühit” mövzusunda seminar keçirilib.

Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutundan TƏHSİL.BİZ -ə bildirilib ki, seminarın məruzəçisi institutun kiçik elmi işçisi Banu Ağamalıyeva olub.

B.Ağamalıyeva iqlim dəyişikliyinin səbəbləri haqqında ətraflı danışıb və bununla bağlı statistik göstəriciləri diqqətə çatdırıb. Seminarda, həmçinin iqlim dəyişikliyinin yaratdığı ekoloji problemlər və onun insan sağlamlığına mənfi təsirləri geniş müzakirə olunub.

Məruzəçi iqlim dəyişikliyinin qlobal istiləşmə, buzlaqların əriməsi, dəniz səviyyəsinin yüksəlməsi və ekstremal hava hadisələrinin artması kimi konkret nəticələrini vurğulayıb. O, bu proseslərin kənd təsərrüfatına, su ehtiyatlarına, ekosistemlərə və insan sağlamlığına necə zərər vurduğunu izah edib.

İnstitutun elmi işçisi davamlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə yolları haqqında da məlumat verib. O, bərpaolunan enerji mənbələrindən (məsələn, günəş və külək enerjisi) istifadənin artırılmasının, enerji səmərəliliyinin yüksəldilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin qlobal iqlim razılaşmalarının və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin, habelə fərdlərin və cəmiyyətlərin bu istiqamətdəki məsuliyyətlərinin vacibliyini qeyd edib.

Seminarın sonunda iştirakçılar mövzu ətrafında suallar verib və iqlim dəyişikliyinə qarşı görülə biləcək əlavə tədbirlər barədə müzakirələr aparıblar. Bu seminar gənclərin ekoloji problemlər haqqında məlumatlılığını artırmaq və iqlim dəyişikliyi ilə mübarizəyə dəstək vermək məqsədini daşıyıb.

Xəbər lenti