Logo

Akademik Məhərrəm Məmmədyarovun anadan olmasının 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

17.10.2024 17:53 46 baxış
IMG

Azərbaycanda tətbiqi mikrobiologiyanın inkişafında akademik Məhərrəm Məmmədyarovun əvəzsiz xidmətləri olub.

Bu fikri Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov akademikin 100 illik yubileyinə həsr edilmiş tədbirdə söyləyib.

Alimin həyatı və elmi fəaliyyətindən danışan Pənah Muradov bildirib ki, təkcə Mikrobiologiya İnstitutunun deyil, Azərbaycanda tətbiqi mikrobiologiyanın inkişafında Məhərrəm Məmmədyarovun əvəzsiz xidmətləri olub. Görkəmli alim 1981-ci ildən 2002-ci ilədək Mikrobiologiya İnstitutuna rəhbərlik edib. 1994-cü ilədək AMEA-nın Mikrobiologiya sektoru kimi fəaliyyət göstərən bir qurumun institut statusu alması məhz onun yorulmaz fəaliyyətinin nəticəsidir.

Pənah Muradov çıxışında alimin instituta rəhbərlik etdiyi dövrdə tədqiqatların yeni istiqamətlər üzrə aparılmasında, mikrobiologiyanın digər elmlərlə inteqrasiyasından yaranan istiqamətlərin inkişafında xüsusi rolu olduğunu vurğulayıb. O, alimin rəhbərliyi altında neft mikrobiologiyası və biotexnologiyası, mikrob mənşəli səthi-aktiv maddələrin alınması, bitki tullantılarının biokonversiyası sahəsində bir çox mühüm nəticələr əldə edildiyini söyləyib.

Qeyd olunub ki, M.Məmmədyarovun rəhbərliyi və təşəbbüsü ilə neft mikrobiologiyası sahəsində ilk dəfə neft laylarında mikrobioloji proseslərin modelləşdirilməsi həyata keçirilib və bu da müəyyən qrup mikroorqanizmlərin metabolik prosesləri nəticəsində laylardan neftin sıxışdırılmaqla, neft hasilatını artırmaq üçün yeni yolların axtarılıb tapılmasına gətirib çıxarıb.

Sonra institutun əməkdaşları görkəmli alim haqqında xatirələrini bölüşüblər.

Tədbirdən sonra Mikrobiologiya İnstitutunun kollektivi akademik Məhərrəm Məmmədyarovun II Fəxri xiyabanda məzarını ziyarət edib.

Xəbər lenti