Logo

“Gənc qızların təhsilinə dəstək”

15.10.2024 09:19 61 baxış
IMG

Oktyabrın 14-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
 

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
 

Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova artıq 4 ildir ki uğurla həyata keçirilən layihənin böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Bakıda fəaliyyətə başlayan qızlar məktəbinin yaranmasının 100 illiyi ərəfəsindən başlanıldığını xatırladıb. 

 

Bahar Muradova əlavə edib ki, bu gün ölkə başçısının rəhbərliyi, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə elmə, təhsilə, qızların inkişafına, qadınların bərabər hüquqlarının təmin olunmasına xüsusi diqqət göstərilir. 
 

Sözügedən layihənin “Hənifə Məlikova – Zərdabi adına təqaüd proqramı”nın iştirakçısı olan qızların sayının ilbəil daha da artdığını vurğulayan komitə sədri ümumilikdə 265 gənc qızın proqramdan yararlandığını bildirib. Qeyd edib ki, artıq bu layihə 58 rayonu əhatə edir və getdikcə bu layihəyə dəstək vermək istəyənlərin sayı artır.
 

Elm və təhsil naziri Emin Əmrullayev layihə təşəbbüskarı olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, eləcə də təqaüd proqramının dəstəkçilərinə təşəkkürünü bildirb. Bu layihənin böyük geridönüşü olan investisiya rolunu oynayacağını bildirən nazir layihə çərçivəsində təhsilinə dəstək göstərilən qızların gələcəkdə öz sahələrində seçilən mütəxəssislərə çevriləcəklərinə inamını ifadə edib.
 

Çıxışının davamında Emin Əmrullayev təhsilə əlçatanlığın təmin olunması istiqamətində bir sıra müsbət rəqəmləri diqqətə çatdırıb. Nazir 15 il bundan əvvəlki dövrlə müqayisədə təhsilalanların sayının ikiqat artdığını qeyd edib. 

 

Daha sonra sözügedən layihəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.
 

Tədbirdə iştirak edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov adıçəkilən layihənin uzun və uğurlu yol keçdiyini vurğulayıb. Elnur Nəsibov layihə çərçivəsində qızların təqaüd əldə etmələri ilə yanaşı, həm də mentorluq, təcrübə və müxtəlif işlərlə təmin olunduqlarını da qeyd edib. Elnur Nəsibov şəhid və qazi övladları, xanımlarının təhsili ilə bağlı gələcəkdə dövlət və özəl sektorun tərəfdaşlığı sayəsində yeni bir layihənin başladılmasının nəzərdə tutulduğunu da diqqətə çatdırıb.
 

Çıxışlardan sonra təqaüd qazanan 50 gənc qıza sertifikatlar təqdim edilib. 

 

Tədbir bədii hissə ilə yekunlaşıb.

Xəbər lenti