Logo

Keçən il reytinqlərdə debüt edən ADNSU bu il mövqeyini daha da yaxşılaşdırıb

15.10.2024 11:24 62 baxış
IMG

Məlum olduğu kimi, Böyük Britaniyanın beynəlxalq ali təhsil xidmətləri sahəsində ixtisaslaşmış “QS Quacquarelli Symonds” şirkəti dünyanın fənn istiqamətləri üzrə ən yaxşı ali təhsil müəssisələrinin 2024-cü il üzrə reytiqini (QS World University Rankings by Subject 2024) açıqlayıb.

Dünyanın ən yaxşı universitetlərinin "Neft və qaz mühəndisliyi ixtisasları"/"Mühəndislik – Petroleum" və "Təhsil və təlim" / "Təhsil və tədris" üzrə illik fənn reytinqlərində Azərbaycan universitetlərinin sayı 3-ə yüksəlib. Bu reytinqlər 95 ölkə və ərazidə 1500 universitet, 55-dən çox fənn istiqaməti üzrə 16400 təhsil proqramının müstəqil müqayisəli təhlilidir. 

İlk dəfə olaraq "Neft və qaz sahəsində mühəndislik ixtisasları"/ "Engineering – Petroleum" fənn reytinqinin yeni versiyasına Azərbaycan Dövlət Neft və Sənaye Universiteti daxil olub, bu fənn reytinqində iştirak edən ali məktəblərin yenilənmiş siyahısında ADNSU 101-150 mövqelər diapazonunda yerləşir.
Başqa sözlə, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti "Neft və qaz mühəndisliyi ixtisasları"/ "Engineering – Petroleum" üzrə təhsil proqramları olan dünyanın ən yaxşı 150 ali məktəbindən biridir. Bu nəticə əsasən ali təhsil müəssisəsinin "İşəgötürənlər arasında nüfuz" indikatoru üzrə ən yüksək göstəricisi sayəsində əldə edilmişdir ki, bu da tələbə və məzunların gələcək məşğulluq üçün hazırlığının yüksək keyfiyyətindən xəbər verir.

Beləliklə, dünyanın ən yaxşı universitetlərinin "QS World University Rankings by Subject 2024" fənn reytinqlərində Azərbaycan universitetlərinin sayı yüksəlib. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə yanaşı, bu reytinqə Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) də daxildir.

QS-in regional direktoru Sergey Xristolyubov  reytinqin nəticələrini belə şərh edib: “Reytinqlərimizin bütün sıralarında Azərbaycan universitetlərinin iştirakı genişlənməkdə davam edir, bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Neft və qaz sahəsində mühəndislik ixtisasları"/"Engineering-Petroleum" fənn reytinqində yüksək mövqelərə inamla daxil olması sübut edir. Keçən il bu universitet “QS World University Rankings”də debüt etdi, bu il isə həm flaqman institusional reytinqimizdə, həm də Avropanın ən yaxşı universitetlərinin regional reytinqində öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırdı.

Metodologiya

Dünyanın ən yaxşı universitetlərinin fənn reytinqlərini tərtib edərkən QS beş əsas göstəricidən istifadə edir: akademik reputasiya, işəgötürənlər arasında reputasiya, nəşrə düşən sitatların sayı, təşkilati H-indeksi və beynəlxalq elmi əməkdaşlıq indeksi. Onların hər birinin dəqiq çəkisi hər bir mövzuda nəşr fəaliyyətinin xüsusiyyətlərindən asılıdır. Məsələn, “Elsevier”in beynəlxalq elmi-metrik platforması “Scopus”un məlumatlarından istifadə etməklə hesablanan elmi məhsuldarlıq göstəriciləri tibb sahəsində təhsil proqramları üçün kritik əhəmiyyət kəsb edir, peşəkar bacarıqlar üzrə təlim isə ifaçılıq sənəti sahəsində təhsil proqramları üçün daha vacibdir.

Xəbər lenti