Logo

BMU-da elmmetrik bazalara çıxış mövzusunda təlim olub

14.10.2024 17:29 139 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) “Elmmetrik bazalar və platformaların yaradılması” mövzusunda təlim keçirilib.

Universitetdən TƏHSİL.BİZ - ə bildirilib ki, Elm və innovasiya şöbəsinin müdiri dosent Mayis Əzizov professor-müəllim heyəti üçün təşkil edilən təlimin əhəmiyyətindən danışıb. Qeyd edib ki, elmmetrik bazalarda olmaq, profilləri təkmilləşdirmək universitetlərin, tədqiqatçıların elmi fəaliyyətə əlçatanlığını artırır, dünyanın elmi qurum və alimləri ilə əməkdaşlıq körpüsü yaradır, eləcə də elmi nəticələrin kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına təkan verir.

Elm və Təhsil Nazirliyinin bütün ali məktəblərin, elmi-tədqiqat institutlarının “Scopus” bazasının resurs və alətlərinə çıxış imkanları yaratdığını müsbət hal kimi qeyd edən şöbə müdiri bu platformada istənilən mövzuda axtarış aparmağın, elmi fakt və məqalələrə əsaslanan xülasələrin əldəolunmasının mümkünlüyünü diqqətə çatdırıb.

Təlim zamanı “Azerbaijan National H-index Ranking”, “Scopus”, eləcə də “Google Scholar”da profillərin yaradılması yolları haqqında iştirakçılara geniş məlumat verilib, bu platformaların hər birinin elmlə məşğul olanlara yaratdığı imkanlara ayrı-ayrılıqda toxunulub. Qeyd edilib ki, universitetin akademik heyəti, gənc tədqiqatçılar bu bazalarda profil yaratmaqla öz məqalələrinə nə qədər istinad olduğunu öyrənə bilir, həmçinin məqaləsinin həmin mövzuda digər müəlliflərin məqalələri ilə müqayisədə keyfiyyətini də dəqiqləşdirmiş olurlar.

Vurğulanıb ki, beynəlxalq reytinqlər üzrə universitetlərin elmi-tədqiqat göstəricilərini hesablayan “Scopus” platformasının imkanları daha genişdir və burada profili olanlar müxtəlif sahələrə aid məqalələr, onların yazılma tarixi, müəllifləri haqqında da bütün informasiyaları rahat əldə edə bilirlər. Bu bazada müxtəlif jurnallara məqalə göndərməyin yolları ilə tanış olmaq da mümkündür.

Təlim iştirakçıları dünyanın tanınmış elmmetrik bazalarına giriş zamanı üzləşdikləri texniki problemlərin aradan qaldırılması yolları ilə tanış olub, mövzu ilə əlaqədar digər suallarına da ətraflı cavablar alıblar.

Xəbər lenti