Logo

Gənc mühəndislər ekoloji yarışda zirvəyə can atır

16.10.2024 13:03 26 baxış
IMG

Mərkəzi Aran Regional Təhsil İdarəsinin (MARTİ) şagirdləri bu il də böyük uğurlar qazanmaq üçün "Yaşıl SAF 2024" yarışında fəal iştirak edəcəklər. Ağdaş, Mingəçevir və Göyçay rayonlarından olan komandalar müxtəlif kateqoriyalarda finala çıxaraq, mühüm nailiyyətlər əldə ediblər. Bu yarış onların mühəndislik və dizayn bacarıqlarını inkişaf etdirməklə yanaşı, ekoloji problemlərə yaradıcı yanaşmalarını təşviq edəcək. Şagirdlərimiz öz bilik və bacarıqlarını nümayiş etdirərək həm yerli, həm də beynəlxalq səviyyədə ölkəmizi layiqincə təmsil etməyə hazırlaşırlar.

“Yaşıl SAF 2024” uğrunda şagirdlərarası mübarizə: “Yaşıl kodlaşdırma”

"Yaşıl kodlaşdırma" yarışı 10-16 yaş aralığında olan şagirdlər arasında dövri olaraq təşkil edilir və onları mühəndislik və dizayn bacarıqlarından istifadə edərək robotlar yaratmağa təşviq edir. Burada iştirakçılar robotlarını külək turbinini hərəkətə gətirmək, 5x5x5 sm ölçüdə kubları müəyyən nöqtələrə çatdırmaq və enerji toplama sahəsinə göndərmək üçün istifadə etməlidirlər. Yarışda hər komanda 3 nəfərdən ibarət olur: 1 layihə rəhbəri və 2 şagird. Komandalar fərqli məktəblərdən şagirdləri bir araya gətirə bilər. Robotlar tam avtonom şəkildə hərəkət etməli və 30x30x30 sm ölçüsünü keçməməlidir. Yarışın müddəti 90 saniyədir və robotların performansı bu müddət ərzində qiymətləndirilir. İştirakçılar 3 cəhd edə bilər və ən yaxşı nəticə yekun hesab olaraq qəbul edilir. Yarış zamanı robotların ölçü və uyğunluq yoxlaması aparılır, qaydalara uyğun olmayanlar yarışdan kənarlaşdırılır.

Bu il “Yaşıl SAF 2024” yarışında respublikanın dörd bir yanından şagirdlərin iştirakı onların mühəndislik və texnologiya sahəsində göstərdikləri böyük marağı əks etdirir. Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan bir çox təhsil mərkəzləri də SAF 2024-ə həvəslə hazırlıqlarını davam etdirirlər. Ağdaş rayonundan 11 komanda finala çıxıb. Bunların 9-u M.Şeyxzadə adına internat tipli Texniki-humanitar fənlər təmayüllü gimnaziyanın yetirmələridir.    

Finalda iştirak edən gimnaziyanın komandaları “Metal Ninjas” - VEX V5, “Kings of Technology” - VEX İQ, “OrionAz” - CubeSAT, “Pilots” - H2 Grand Prix Pro, “Demolition MAN” – FlyTech, “Little Engineers” - Engineers Of Future, “Eco Guardians” - Eco Coding (lego), “Green Evolution” - Eco Coding (lego), “Bacarıqlılar” komandası isə - “Yaşıl təşəbbüslər” kateqoriyaları üzrə mübarizə aparacaq. Ağdaş şəhəri Nizami adına 2 nömrəli tam orta məktəbdən olan “QARABAĞ” komandası “VEX IQ Competition” kateqoriyasında, eləcə də “Aran” komandası “FlyTech” kateqoriyasında öz bacarıqlarını sınayacaqlar.

Mingəçevir STEAM Mərkəzinin hazırlıqları

Mingəçevir şəhərindən isə 9 komanda final mübarizəsini davam etdirir. Bunlardan 2-si Mingəçevir şəhər 9 nömrəli tam orta məktəbdən, 4-ü Təbiət-Riyaziyyat Humanitar Təmayüllü Liseydən, 2-si Texniki-Humanitar Liseydən, 1-i 3 nömrəli tam orta məktəbdən, Göyçay rayonundan isə 1 komanda finala çıxıb. Mingəçevir şəhəri M.Hüseynzadə adına 3 nömrəli tam orta məktəbdən olan “Zəfər” komandası “VidX” kateqoriyasında, Göyçay şəhəri N.Gəncəvi adına 7 nömrəli tam orta məktəbin “TRASH TRANSFORMERS” komandası da “VidX” kateqoriyasında finala çıxan komandalar arasındadır.

Mingəçevir STEAM Mərkəzinin şagirdləri builki “Yaşıl SAF 2024” yarışmasına ciddi hazırlıqlar görürlər. Komandaların çoxu beynəlxalq səviyyədə uğurlu nəticələr əldə etmək üçün səylərini birləşdiriblər. Bu il ilk dəfə qoşulduqları beynəlxalq “Yaşıl STEAM” festivalında “CubeSat” kateqoriyasında iştirak edən Gülzar Xədiyeva və komanda üzvü Leyla Əliyeva elektronika, proqramlaşdırma, simsiz xəbərləşmə, alternativ enerjilər və dizayn bacarıqlarını birləşdirərək öz süni peyklərini yaradıblar. İlk dəfə yarışa qoşulmalarına baxmayaraq, onlar qalib olmağa və bu uğurla ölkəmizi beynəlxalq aləmdə tanıtmağı hədəflədiklərini bildirdilər.

Regionun finalçılarıBu il finalda MARTİ-ni təmsil edəcək 20 komanda arasında, xüsusilə “VEX V5” kateqoriyasında “Zəfər” komandası, “VEX IQ” kateqoriyasında “REAL WINNERS” komandası, “H2 Grand Prix Pro” kateqoriyasında “Race Car” komandası diqqət çəkir. “VidX” kateqoriyasında isə “Born to Win” və “Green World” kimi komanda adları ilə məşhurlaşan Təbiət-Riyaziyyat Humanitar Təmayüllü Liseyin şagirdləri STEAM mərkəzində final hazırlıqlarını uğurla davam etdirirlər.

Qeyd edək ki, ölkə üzrə respublika birincisi olan Mingəçevir şəhəri STEAM Mərkəzini təmsil edən “Born to Win” komandası “VEX Robotics” turniri 2024 üzrə I yerə layiq görülüb. Komandanın mentoru Leyla müəllim, iştirakçıları isə Ayxan Quliyev, Yusif Hüseynzadə və Banu Məmmədzadədir. Komanda bu il də birincilik hədəfi ilə hazırlıqlarını davam etdirdiklərini və dünya SAF STEAM yarışmasına vəsiqə qazanaraq ölkəmizi dünya miqyasında təmsil etməyi hədəflədiklərini bildiriblər.

İnanırıq ki, gənc şagirdlərimizin bu cür nüfuzlu yarışlarda iştirakı onların təhsil səviyyələrini artırmaq, beynəlxalq arenada təmsilçilik imkanları yaratmaq və ölkəmizi dünya elminin ön sıralarına çıxarmaq üçün fürsətdir. Bu cür təşəbbüslər və nailiyyətlər gələcəyin qurucuları olan şagirdlərimizin yolunu işıqlandıracaq və vətənə sevgini daha da möhkəmləndirəcək.

 

Xəbər lenti