Logo

Tələbələr üçün təlim keçirilib

21.10.2024 15:14 38 baxış
IMG

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə akademiyanın fiziki tərbiyə fənnini tədris edəcək gələcək mütəxəssisləri üçün “TOPs - təhsilalanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində təlim keçirilib. 
 

Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə TOPs metodologiyası üzrə təşkil olunan təlim zamanı fiziki tərbiyə fənninin məqsədi, məzmunu, müəllimin rol və vəzifələri, müsbət tədris mühitinin yaradılması və inklüziv tədrislə bağlı müzakirələr aparılıb, müasir təlim üsulları vasitəsilə dərslərin tədrisinin yüksəldilməsi üçün nəzəri və praktiki məşğələlər keçirilib. Praktik məşğələlərlə dərslərin effektli tədris edilməsi üçün TOPs oyun–metodiki tədris kartlarından istifadə qaydaları tələbələrə izah edilib.
 

Təlimlər başa çatdıqdan sonra TOPs proqramı üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən tələbələrin qiymətləndirilməsi aparılıb, iştirakçılara TOPs metodiki tədris kartları təqdim edilib.
 

Qeyd edək ki, TOPs layihəsi 2014-2015-ci tədris ilindən pilot olaraq Bakı üzrə 3 məktəbdə tətbiq olunmağa başlanılıb. 2022-2023-cü tədris ilindən isə nazirliyin sistemində fəaliyyət göstərən bütün ümumi təhsil müəssisələrini əhatə edir. 
 

Layihə Elm və Təhsil Nazirliyi, “British Council”, Azərbaycan İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə ümumtəhsil məktəblərində təhsilalanların hərəki bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, onların fiziki sağlamlığının inkişaf etdirilməsi məqsədi ilə həyata keçirilir. Həmçinin fiziki tərbiyə və ibtidai sinif müəllimlərinin TOPs metodologiyası vasitəsilə bilik və bacarıqlarının, fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikasının təkmilləşdirilməsi də layihənin məqsədləri sırasındadır. Metodika fiziki tərbiyədə inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir.

Xəbər lenti