Logo

Qədir Xəlilov: Xaricdə təhsil alan gənclərimiz Azərbaycan həqiqətlərini dünyaya çatdıran real qüvvələrdir

21.10.2024 15:32 42 baxış
IMG

Dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri xaricdə təhsil alan gənclərin dəstəklənməsi məsələsidir. Bu istiqamətdə ASAP həm Azərbaycanda, həm də xaricdə yaşayan azərbaycanlı tələbə və məzunları əhatə edən layihələri uğurla həyata keçirib. Xaricdə təhsil alan gənclərimiz Azərbaycan həqiqətlərini dünyaya çatdıran real qüvvələrdir. Onlar ölkəmizin mədəniyyəti, tarixi və ictimai-siyasi mövqeyi ilə bağlı məlumatları yayır, Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər.

TƏHSİL.BİZ xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov oktyabrın 21-də keçirilən Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) İkinci Hesabat-Seçki konfransında çıxışı zamanı söyləyib.

Q.Xəlilov bildirib ki, ASAP-ın yaranması və inkişafı gənclərimizin beynəlxalq müstəvidə öz sözünü deməsi üçün əhəmiyyətli bir addım olub: “Bu platforma Azərbaycanın xaricdə təhsil alan gənclərinin bir araya gəlməsinə, resurslardan faydalanmasına və mübadilə etməsinə imkan yaradıb. Təşkilat gənclərin müasir təhsil sisteminə inteqrasiyasını asanlaşdırmaqla yanaşı, onlara öz milli kimliklərini qorumaq və inkişaf etdirmək imkanı verib. ABŞ-dan Çinə, Avropadan Asiyaya qədər bir çox universitetdə Azərbaycan tələbələrinin fəal iştirakını təmin edən ASAP beynəlxalq səviyyədə tanınan bir təşkilat halına gəlib. Bu, gənclərin qürur mənbəyi olmaqla yanaşı, eyni zamanda, Azərbaycanın mədəniyyətini, tarixini və sosial-iqtisadi inkişafını dünya ilə paylaşmaq imkanı yaradıb. Gənclər Fondu ilə əməkdaşlıq platformanın daha geniş resurslara və dəstəyə sahib olmasını təmin edərək, gənclərin inkişafı üçün müsbət mühitin yaradılmasına xidmət edib”.

“Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət gənclər siyasəti Azərbaycan gənclərinin vətənpərvər ruhda tərbiyə olunmasına və cəmiyyətin fəal iştirakçıları kimi öz potensiallarını reallaşdırmaq üçün bütün imkanların yaradılmasına yönəlib”, - deyə Qədir Xəlilov əlavə edib.

Xəbər lenti