Logo

Mingəçevir Dövlət Universiteti ilə “Azərbaycan İES” MMC arasında Fəaliyyət planı imzalanıb

21.10.2024 14:19 47 baxış
IMG

Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində energetiklər gününə həsr olunmuş, “Azərbaycan energetikasının dayanıqlı inkişafı” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfrans Azərbaycanın Energetiklər Gününə həsr olunub və ölkənin enerji sektorunun dayanıqlı inkişaf perspektivlərinin müzakirəsinə həsr edilib.

Konfransda universitetin akademik heyəti, "Azərbaycan İES" MMC-nin əməkdaşları ilə yanaşı, jurnalistlər də iştirak ediblər.

MDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, tədbir əvvəlcə şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Dövlət Himni səsləndirilib.

Tədbirin moderatoru, MDU-nun Energetika kafedrasının müdiri Ülkər Aşurova konfransın mahiyyətindən və ölkənin enerji sektorunda dayanıqlı inkişaf strategiyasının vacibliyindən danışıb.

MDU-nun rektoru vəzifəsini müvəqqəti icra edən, tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalov çıxışında Azərbaycanın energetika sahəsinin inkişaf yoluna diqqət çəkərək, bu sahədə aparılan islahatları və Mingəçevirin ölkə energetikasında oynadığı mühüm rolu vurğulayıb. Bildirib ki, Mingəçevir enerji mərkəzi olaraq Azərbaycanın iqtisadi dayanıqlığına töhfə verməkdə davam edir. O, eyni zamanda, Mingəçevir Dövlət Universitetinin enerji sahəsində ixtisaslı kadrların hazırlanmasında və tədqiqatların aparılmasında əhəmiyyətli rolunu da qeyd edib.

"Azərbaycan İES" MMC-nin direktoru Təhmasib Hüseynov ölkədə enerji təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərdən və gələcək planlardan danışıb. Həmçinin Mingəçevirin strateji enerji mərkəzi olaraq Azərbaycan energetikasına verdiyi böyük töhfələrə toxunaraq bildirib: “Azərbaycanın energetika sektorunda Mingəçevir mühüm rol oynayır və bu şəhər Azərbaycanın elektrik enerjisi təminatının əsas dayağıdır. Hazırda ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında və dayanıqlı inkişafında Mingəçevir əhəmiyyətli mövqeyi ilə seçilir.”

Sonra MDU-nun Energetika kafedrasının baş müəllimi, texnika üzrə fəlsəfə doktoru Liliya Süleymanovanın, “Azərbaycan İES” MMC-nin Xüsusi işlər üzrə aparıcı mütəxəssisi Emin Paşayevin, MDU-nun Energetika kafedrasının müəllimi Əbülfət Ədilovun və universitetin Energetika kafedrasının müəllimi Elsevər Cəfərlinin məruzələri dinlənilib.

Sonda Mingəçevir Dövlət Universiteti və “Azərbaycan İES” MMC arasında Fəaliyyət planının imzalanma mərasimi keçirilib. Bu əməkdaşlıq Mingəçevirin enerji sektorunun inkişafına yeni təkan verməyi və universitetin əmək bazarına təcrübəli kadr yetişdirməyi hədəfləyir.

Konfransdan sonra ağacəkmə aksiyası keçirilib.

Xəbər lenti