Logo

“Maarifçi” tələbə-məzun təcrübə proqramının yeni iştirakçıları ilə görüş keçirilib

23.10.2024 10:09 54 baxış
IMG

Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun (TİF) təşəbbüsü ilə həyata keçirilən 2-ci “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüş keçirilib.

TİF-dən TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Elm və təhsil nazirliyinin İnsan resursları şöbəsinin müdiri Çapay Məmmədov, nazirliyin və fondun nümayəndələri iştirak edib.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev tələbə və məzunları salamlayaraq, bu kimi proqramların gənclərlə ünsiyyət, onların dövlət qurumlarının fəaliyyəti barədə məlumatlandırılması baxımından faydalılığını bildirib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov proqramın mahiyyəti barəsində məlumat verib. Sədr “Maarifçi” tələbə-məzun təcrübə proqramının gənc kadrların hazırlanması baxımından faydalı olduğunu vurğulayaraq proqram iştirakçılarına uğurlar arzulayıb.

Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Çapay Məmmədov proqrama qəbul edilən namizədləri təbrik edərək onları fəal olmağa dəvət edib, uğurlar arzu edib.

Görüşün davamında Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov Fondun fəaliyyətini əks etdirən geniş təqdimatla çıxış edib.

Daha sonra I “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısı Səbinə Hüseynova öz təəssüratlarını bölüşərək, yeni iştirakçılara uğurlar arzulayıb.

Yekunda gənclərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, proqramla bağlı onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Maarifçi” tələbə-məzun təcrübə proqramına II mərhələdə 37 nəfər təcrübəçi seçilib.

3 ay davam edəcək proqram çərçivəsində seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliyi, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər. İştirakçılar onlar üçün təşkil olunan təlimlərdən yararlanacaq və sosial bacarıqlarını inkişaf etdirəcəklər.

Proqramın məqsədi tələbə və məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmək və gənclərə peşəkar vərdişlər qazandırmaqdır.

Xəbər lenti