Logo

BMU ilə İqlim böhranına cavab layihə qrupu arasında saziş imzalanıb

22.10.2024 16:03 55 baxış
IMG

Bakı Mühəndislik Universiteti (BMU) ilə İqlim böhranına cavab layihə qrupu arasında saziş  imzalanıb.

Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, “Qlobal iqlim böhranına cavab vermək üçün tərəfdaşlığın yaradılması” haqqında sənədi BMU-nun rektoru Yaqub Piriyev və İqlim böhranına cavab layihə qrupunun rəhbəri, Koreya Respublikasının İNHA Universitetinin professoru Jungho Kim imzalayıb.

Tədbirdə BMU-nun rektoru Yaqub Piriyev Cənubi Koreya və Azərbaycan arasında münasibətlərin tarixinə toxunub, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan əlaqələrin bütün sahələrdə uğurla davam etdirildiyini vurğulayıb. Bildirib ki, son illərdə əməkdaşlıq xüsusilə təhsil sahəsində də möhkəmləndirilib. Rektor buna misal kimi BMU ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramını göstərib və proqramın yüksəkixtisaslı mühəndis kadrların hazırlığına mühüm töhfələr verdiyini fikirlərinə əlavə edib. 

Rektor gələn ay BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasının (COP29) Bakıda keçiriləcəyini önə çəkib, ölkəmizin qlobal iqlim dəyişikliyi istiqamətində səmərəli fəaliyyətlərini diqqətə çatdırıb, eyni zamanda bu baxımdan “Qlobal iqlim böhranına cavab vermək üçün tərəfdaşlığın yaradılması” haqqında sazişin  əhəmiyyətini qeyd edib.

Öz növbəsində qrupun rəhbəri Jungho Kim ölkəsinin, habelə təmsil etdiyi universitetin Azərbaycanla sıx əlaqələrinin məmnunluq doğurduğunu dilə gətirib. Qonaq saziş çərçivəsində qlobal iqlim dəyişikliyi istiqamətində atılacaq birgə addımlar, həyata keçiriləcək layihələr barədə geniş bəhs edib, habelə bu layihənin Azərbaycanla yanaşı, 10-a yaxın ölkədə icra olunduğunu deyib. Məlumat verilib ki, saziş çərçivəsində BMU ilə bərabər bir sıra universitetlərdən seçilmiş tələbələr iqlim dəyişmələri ilə bağlı mövzularda kurslara cəlb olunacaqlar. Bununla yanaşı, müvafiq sayda tələbələrin Koreyaya səfəri də təşkil ediləcək.

Bundan başqa, hər iki universitetdə iqlim böhranı ilə bağlı təşviqatı gücləndirmək üçün birgə təhsil proqramlarının hazırlanması, təlimlərin təşkili də nəzərdə tutulur.

Görüş gələcək əməkdaşlığın konkret istiqamətləri üzrə fikir mübadiləsinin aparılması ilə başa çatıb.

Xəbər lenti