Logo

Nəsiminin dilində işlənən onomastik vahidlərə dair izahlı lüğət özbək dilində təqdim edilib

23.10.2024 16:03 31 baxış
IMG

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dili tarixi şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə Heydərovanın 2023-cü ildə nəşr olunmuş “Nəsiminin dilində işlənən onomastik vahidlərin izahlı lüğəti (dini-poetik onomastikon)” adlı əsəri Nəvai Pedaqogika İnstitutunun Özbək dili və ədəbiyyatı kafedrasının dosenti Gülsənəm Norova tərəfindən özbək dilinə tərcümə edilib.

Kitabın Özbəkistanın Nəvai şəhərində keçirilən təqdimat mərasiminə Azərbaycandan əsərin müəllifi Xədicə Heydərova və Dilçilik İnstitutunun böyük elmi işçisi Sevinc Səfərova da dəvət edilib.

TƏHSİL.BİZ xəbər verir ki, tədbiri dosent Feruza Ruziyeva açaraq 2023-cü ilin dekabr ayında Azərbaycanda ezamiyyətdə olarkən keçirdikləri görüşlər haqqında məlumat verib və bu ezamiyyətin elmi nəticəsinin Xədicə Heydərovanın əsərinin özbək dilinə tərcümə edilərək dərs vəsaiti kimi istifadə edilməsi olduğunu bildirib.

Sonra çıxış edən dosent Gülsənəm Norova əsərin elmi dəyərindən söz açıb. O bildirib ki, lüğət XIV əsr Azərbaycan təsəvvüf ədəbiyyatının görkəmli nümayəndəsi olan İmadəddin Nəsiminin dini-fəlsəfi görüşlərini əks etdirən onomastik vahidləri əhatə edir. Lüğət əlifba sırası ilə deyil, predmet-tematik prinsiplə tərtib edilib. Burada onimlər sistemləşdirilərək “Mifonimlər”, “Antroponimlər”, “Toponimlər”, “Ktematonimlər”, “Periferik onimlər” adı altında qruplara ayırır və onlara dilçilik aspektində yeni bir baxış həyata keçirilir, sözün mənası açılır, zəruri üslubi xarakteristikası verilir. Onomastik vahidlərin məna çalarları şərh edilir. Xədicə Heydərova bu əsərində Azərbaycan dilçiliyində ilk dəfə olaraq teonimləri tədqiqata cəlb edib və lüğətə əlavə edib. Bölgüyə əsasən belə məlum olur ki, Nəsimi əsərlərində həm təkallahlılıq, həm də çoxallahlılıqla bağlı teonimlərdən istifadə edib. Lüğət məqalələrində yeri gəldikcə beytin şərhinə də yer verilir. Müəllifin belə bir təcrübəyə əl atması Nəsiminin xüsusi isimlər aləminin təsnifatını, əqidə və düşüncə mənzərəsini yaratmaq məqsədi daşıyır. Təqdim edilən lüğətdən belə aydın olur ki, Nəsimi yaradıcılığının nüvəsini məhz mifoloji leksika təşkil edir. Lüğətin tərtibi nəzəri və praktiki əhəmiyyət kəsb edir.

Tədbirdə çıxış edən professor Nigora Murodova bildirib ki, özbək dilinə tərcümə edilən bu əsər iki ölkə arasında elmi əməkdaşlığın genişlənməsinə, Azərbaycan elminin Özbəkistanda tanınmasına xidmət edir və lüğətdən Nəvai Pedaqogika İnstitutunun Özbək dili və ədəbiyyatı kafedrasında tədris vəsaiti kimi istifadə olunacaq.

Xədicə Heydərova Özbəkistanda olarkən Nəvai Dövlət Pedaqogika İnstitutunda və Özbəkistan Milli Universitetində təşkil olunmuş konfranslarda məruzələrlə çıxış edib. O, bu ali təhsil müəssisələrində tələbələrlə görüşlər keçirib, yazdığı kitablar haqqında mühazirələr oxuyub.

Dilçilik İnstitutunun əməkdaşları Daşkənddə olarkən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə də dəvət ediliblər. Xədicə Heydərova müəllifi olduğu “Heydər Əliyevin siyasi dilinin lüğəti” əsərini Mərkəzə hədiyyə edib.

 

Xəbər lenti