Logo

Naxçıvanda bir bağçanın 5 müəllimi diaqnostik qiymətləndirmədə 50-dən yuxarı bal toplayıb

23.10.2024 14:50 38 baxış
IMG

Məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlər üçün keçirilən diaqnostik qiymətləndirmə imtahanında Naxçıvan şəhər 5 nömrəli körpələr evi-uşaq bağçasının müəllimləri də iştirak edib və bu məktəbəqədər təhsil müəssisəsinin beş müəllimi imtahanda 50-dən yuxarı bal toplayıb.

TƏHSİL.BİZ olaraq bu dəfə yolumuzu Naxçıvan şəhər 5 nömrəli körpələr evi-uşaq bağçasından saldıq. Bizi bağçanın önündə müəllimlərinin yüksək nəticə göstərməsinin sevincini yaşayan direktor Cəmilə Hüseynova qarşıladı.

“On ildir fəaliyyət göstərdiyim və artıq mənə doğma olan bağçamız 205 yerlik, 11 qrupdan ibarətdir. Bağçada 19 tərbiyəçi-müəllim fəaliyyət göstərir. Uğurlarımız kollektivin bütün üzvlərinin birgə səylərinin nəticəsidir. Bizim üçün komanda işi hər zaman öndə dayanıb. Ona görə də hər zaman uğur özü bizi izləyib. Elə bu dəfə də diaqnostik qiymətləndirmə imtahanında onlar bir-birinə dəstək olaraq bu nəticəni əldə etdilər. Mənim üçün bu uğuru qazanmaq, belə savadlı müəllimlərlə fəaliyyətimizi  davam etdirmək bir qürurdur. Biz hər birimiz uşaqlar üçün çalışırıq. Əvvəlcə öz üzərimizdə işləyib uğurlar qazanırıq ki, böyüdüb, yetişdirdiyimiz uşaqlar da uğurlu nəticələr əldə etsinlər. Çünki uşaqlara qayğı və diqqət gələcək nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə xidmət edir”.

Daha sonra imtahanda uğur qazanan, 50-dən yuxarı nəticə göstərən müəllimlərlə söhbətləşirik. Onların təəssüratlarını oxucularımızla bölüşürük.

Leyla Məmmədhəsənli: “İmtahanda 57 bal toplamışam. Əlbəttə ki, bu, mənim özümə olan güvənimin nəticəsi idi. Öncə qeyd edim ki, məni bu sahəyə gətirən tam bir təsadüf oldu və mənə bu peşəni uşaqlar sevdirdi. Öz-özümə düşündüm ki, sevdiyim peşə elə məhz baxça müəllimliyidir. Qarşıma məqsədlər qoyaraq uğurlu nəticələr əldə etdim. Bu imtahanda suallar biri-birinə bənzəyir, məntiqə əsaslanırdı. İmtahana hazırlıq dönəmi də, yorucu keçirdi. Ancaq, ciddi hazırlıq, eyni zamanda ailəmin, həyat yoldaşımın dəstəyi nəticəsində bu balı toplayaraq məqsədimə çatdım. Necə dəyərlər, istəyən ürək üçün, mümkün olmayan heç nə yoxdur”.

Ləman Əsgərli: “Artıq doqquz ildir ki, 5 nömrəli körpələr evi-uşaq bağçasında pedaqoji fəaliyyətlə  məşğulam. Məqsədim 60 bal toplamaq idi. Ancaq yenə də pis nəticə göstərmədim, 53 bal topladım. Beş müəllimdən biri olmağın qürurunu yaşayıram. İmtahanda suallar bir-birinə çox yaxın idi. Əlbəttə ki, diqqət tələb edirdi. İmtahan ərəfəsində bizim kollektiv bir-birinə o qədər dəstək oldu ki, bu da bir ailə olduğumuzun göstəricisidir. Necə deyərlər, güc birlikdədir!”.

Səkinə Seyidli: “İlk iş yerim olan bu bağça mənim üçün olduqca önəmlidir. Hər nə ediriksə, gözümüzün önündə körpələr dayanır. Bəlkə də, elə bu yüksək nəticə onlara olan sevgimizin nəticəsidir. Hədəfim 58-59 bal idi, 54 bal topladım. Düşünürəm ki, gələcəkdə daha da yüksək nəticələrə doğru addımlayacağıq”.

Füzulə Süleymanlı: “İlk dəfə Sədərək rayon bir nömrəli körpələr evi-uşaq bağçasında fəaliyyət göstərmişəm. 2018-ci ildən isə bu bağçadayam. Həmkarlarımdan fərqli olaraq mənim ixtisasım biologiya müəllimliyidir. Diaqnistik qiymətləndirmədə 53 bal topalmışam. Uşaqlara olan sevgim bu gün mənim bir bağça müəllimi kimi fəaliyyət göstərməyimə səbəbdir. Ən böyük dəstəkçimiz isə düşünürəm ki, elə bağçanın rəhbərliyidir”.

Vüsalə Qafarova: “19 ildir ki, pedaqoji fəaliyyətlə məşğulam. Hədəfim daha yüksək nəticə əldə etmək idi.  Diaqnostik qiymətləndirmədə 53 bal topladım. Mənim bu peşəni seçməyimin ən böyük səbəbkarı elə məhz bağça müəllimlərimin sevgisi olub. Üzərimdə daim çalışaraq yeni uğurlar əldə edirəm. Müxtəlif seminarlarda iştirak edir, yeni layihələr hazırlayıram”.

Xəbər lenti