Logo

Virtual məkanda milli onomastikanın formalaşması məsələləri müzakirə olunub

24.10.2024 13:29 59 baxış
IMG

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib.

Bu barədə TƏHSİL.BİZ - ə institutdan məlumat verilib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev elmi seminarın Yedgar Cəfərovun filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün yazdığı dissertasiya işi üzrə əldə olunmuş elmi-nəzəri nəticələrin müzakirəsinə həsr edildiyini diqqətə çatdırıb.

Y.Cəfərov doktorluq dissertasiyasına tədqiqatın məqsədinin virtual mühitdə dilin yerinə yetirdiyi funksiyaların və bu mühitdə dil vahidlərindən, xüsusi adlardan istifadə prinsiplərinin öyrənilməsi, eləcə də dilin inkişafı imkanlarının, milli dillərə qarşı təhdidlərin və onların aradan qaldırılması yollarının tədqiqindən ibarət olduğunu bildirib. Əlavə edib ki, tədqiqat çərçivəsində onomastik təhlükəsizliklə bağlı məsələlərin aktuallaşdırılması, mövcud problemlərin həlli imkanlarından istifadə üçün effektiv təşəbbüslərin irəli sürülməsi də nəzərdə tutulur.

Məruzəçi qeyd edib ki, real həyatda həm mühüm ünsiyyət vasitəsi, həm də dünya haqqında bütün təsəvvürlərin formalaşdığı təbii intellektual sistem kimi çıxış edən dilin virtual reallıqdakı statusunun, istifadə funksionallığının müəyyənləşdirilməsi, qloballaşma şəraitində milli dillərin inkişafının təmin olunması, informasiya cəmiyyətinin formalaşdırdığı yeni dil mühitindən məqsədyönlü şəkildə istifadə mövzunun aktuallığını şərtləndirən başlıca amillərdəndir. Bununla yanaşı, rəqəmsallaşdırma dövründə milli onomastik təhlükəsizliklə bağlı qlobal çağırışlar, bu sahədə beynəlxalq norma və təcrübələrin öyrənilməsi, Azərbaycan toponimlərinə qarşı genosid siyasətinin həyata keçirilməsi, geoonomastika məsələləri, Milli Toponomik Geoinformasiya Sisteminin qurulması zərurəti də mövcuddur.

Məruzə ətrafında fikir mübadiləsi aparılıb, irad və təkliflər səsləndirilib, çoxsaylı suallar cavablandırılıb.

Daha sonra dissertasiya işi üzrə elmi məsləhətçi akademik Rasim Əliquliyev çıxış edərək müasir dövrdə virtual məkanda dil problemlərinin son dərəcə aktual olduğunu qeyd edib. Akademik Rasim Əliquliyev bu gün ölkəmizdə dilin dövlət siyasətinin əsasını təşkil etdiyini, bu məsələyə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrıldığını bildirib.

Dünyada gedən qlobal proseslər, eləcə də IV Sənaye inqilabı və Əşyaların internetinin (IoT) təsiri ilə onomastika sahəsində baş verən yeniliklərdən danışan alim dissertasiya işi çərçivəsində bu sahədə dünya təcrübəsinin, müasir çağırışların, onomastik transformasiya proseslərinin öyrənilməsinin, eləcə də onomastik informatika və dilin semantik aspektlərinə dair araşdırmaların aparılmasının vacibliyini önə çəkib.

Akademik Rasim Əliquliyev Azərbaycanda da milli onomastika sahəsində yarana biləcək təhlükələr, milli onomastik təhlükəsizlik, eləcə də IoT-onomastika ilə bağlı tədqiqatların aparılmasına dair təklif və tövsiyələrini də səsləndirib.

Xəbər lenti