Logo

Bulud sistemlərində yük balanslaşdırılması üçün planlaşdırma modelləri işlənilib

30.10.2024 15:29 35 baxış
IMG

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti elmi seminarda “Bulud sistemlərinin kibertəhlükəsizliyinin təmin edilməsi üçün intellektual metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi üzrə alınan elmi-nəzəri nəticələr müzakirə olunub.

Bu barədə TƏHSİL.BİZ -ə institutdan məlumat verilib.

Məruzəni təqdim edən institutun baş elmi işçisi dosent Fərqanə Abdullayeva tədqiqat işində buludların federallaşması üçün dinamik inam modellərinin qurulması üsullarının araşdırıldığını diqqətə çatdırıb. Bildirib ki, bu məqsədlə bulud provayderinin nüfuzunun qiymətləndirilməsi üçün qeyri-səlis kollaborativ reputasiya modeli, bulud sistemlərində risklərin qiymətləndirilməsi üsulu, eləcə də reputasiya və risk qiymətlərinin aqreqasiyası əsasında bulud sistemlərinə inamın qiymətləndirilməsi üçün robast modeli işlənilib.

O, dissertasiya işi çərçivəsində bulud sistemlərində yük balanslaşdırılması üçün planlaşdırma modellərinin işlənildiyini də qeyd edib. Onun sözlərinə görə, böyük həcmli zaman sırası verilənlərində imtinaların bulud əsaslı proqnozlaşdırılması üçün dərin təlim üsulları, eləcə də bulud serverlərində imtinaların proqnozlaşdırılması üçün maşın təlimi üsulu araşdırılıb. Bulud infrastrukturunda virtual maşınların iş yükünün proqnozlaşdırılması üçün dərin təlim və yük balanslaşdırılması üçün çoxkriteriyalı optimallaşdırma üsulu da işlənilib.

Daha sonra məruzə ətrafında fikir mübadiləsi aparılıb, irad və təkliflər səsləndirilib, suallar cavablandırılıb.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev mövzu üzrə təklif və tövsiyələrini səsləndirib, buludların federallaşması üçün dinamik inam modellərinin qurulması üsullarının araşdırılmasının vacibliyini vurğulayıb.

Xəbər lenti