Oktyabrın 31-də Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru dosent Rüfət Əzizov rəhbərlik etdiyi nümayəndə heyəti ilə Milli Hidrometeorologiya Xidmətində görüş keçirilib.
Bu barədə TƏHSİL.BİZ -ə universitetdən məlumat verilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov tərəfindən qəbul edilən nümayəndə heyəti əvvəlcə Xidmətin Situasiya Mərkəzinin işi, hidrometeoroloji müşahidələrin təşkili və hava proqnozlarının hazırlanması prosesi ilə yaxından tanış olub. Görüş zamanı ölkəmizdə Erkən Xəbərdarlıq Sisteminin qurulması, iqlim dəyişiklikləri ilə mübarizə istiqamətində görülən tədbirlər, eləcə də noyabr ayında ölkəmizdə keçiriləcək COP29 konfransına hazırlıq müzakirə olunub.
Sonra SDU-nun rektoru dosent Rüfət Əzizov universitetlə Xidmət arasında əməkdaşlıq perspektivlərindən bəhs edib və hidrometeorologiya, iqlim dəyişmələri sahələrində birgə layihələrin həyata keçirilməsini təklif edib. O, həmçinin universitetin tələbələrinin təcrübə proqramlarına cəlb olunması və elmi-tədqiqat işlərinin birgə aparılmasının əhəmiyyətini vurğulayıb.
Görüşdə iki qurum arasında qarşılıqlı əməkdaşlığı daha da gücləndirmək məqsədilə Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov və Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov imzalayıblar.
Qeyd edək ki, əməkdaşlıq çərçivəsində birgə təlim və seminarların keçirilməsi, tələbələrin istehsalat təcrübəsinin Xidmətdə təşkil edilməsi və digər əməkdaşlıq istiqamətləri nəzərdə tutulur.