Azərbaycan Texniki Universitetində (AzTU) İqlim Dəyişikliyi Sammiti keçirilib.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, sammitdə Azərbaycan və Türkiyədən olan gənclər və alimlər bir araya gəlib.
Zirvənin məqsədi COP29 konfransına qədər gənclərin iqlim dəyişikliyi haqqında məlumatlılığını artırmaq, onları iqlimlə mübarizədə fəal olmağa təşviq etmək və davamlı həllər istehsal etmək üçün onları gücləndirməkdir. Sammit Türkiyənin Bahçeşehir Universiteti, Bilimsenol Platforması ilə əməkdaşlıq və müxtəlif qeyri-hökumət təşkilatlarının iştirakı ilə keçirilib. Tədbir gənc iştirakçılara öz bilik və təcrübələrini bölüşmək və yeni əməkdaşlıqlar inkişaf etdirmək imkanı təqdim edib.
AzTU-nun prorektoru professor Nurəli Yusifbəyli sammitin əhəmiyyətindən danışıb.
Bahçeşehir Universiteti rektorunun müşaviri İhsan Alpargın sammit Türkiyə və Azərbaycan gənclərinin regional və beynəlxalq mövzularda birgə həll yolu tapmaq üçün önəmli platforma olduğunu deyib.
Sammit lisey şagirdlərinin iqlim dəyişikliyinə həsr etdikləri səhnəciklər və maraqlı təqdimatlarla davam edib.