Dekabrın 25-də növbəti “Təhsildə yeni çağırışlar” regional konfransı Sumqayıtda keçirilib. Konfrans Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin pedaqoji heyəti üçün təşkil edilib.
TƏHSİL.BİZ xəbər verir ki, regional konfrans Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və “T–Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Abşeron – Xızı Regional Təhsil İdarəsinin tərəfdaşlığı ilə keçirilib.
Konfransı açan Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Rüfət Əzizov tədbirin mövzusunun aktuallığına diqqət çəkib. Rektor təhsildə yeni çağırışlarla bağlı SDU-da həyata keçirilən işlərdən danışıb. O, 500 baldan yüksək nəticə göstərən abituriyentlərin SDU-nu seçməsini də qeyd edib.
Sonra çıxış edən “T- Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Mənsimi, Azərbaycan Gənc Müəllimlər Asossiasiyasının sədri Pərvinə Qədimova, Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuranın üzvü Elçin Əzimli təhsildə yeni çağırışlarla bağlı müsbət təcrübələrdən danışıblar.
Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.