Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin tərəfdaşlığı ilə "Müəllimlərin riyaziyyat müsabiqəsi" keçiriləcək.
TƏHSİL.BİZ xəbər verir ki, 14 Mart - Beynəlxalq “Pi” Gününə həsr olunan müsabiqənin keçirilməsində məqsəd istedadlı riyaziyyat müəllimlərinin üzə çıxarılması və tanıdılmasıdır.
2 mərhələdən ibarət olacaq müsabiqənin sonunda 1nəfər 1-ci, 2 nəfər 2-ci, 3 nəfər isə 3-cü yer olmaqla ən yüksək bal toplamış 6 nəfər mükafatlandırılacaq.
Qeyd edək ki, müsabiqənin sualları AMC (American Mathematics Competitions) tapşırıqları əsasında riyaziyyat proqramının bütün bölmələrini əhatə etmək şərti ilə hazırlanıb.
Məlumat üçün bildirək ki, hər il 14 mart tarixi dünyanın ən qeyri-adi bayramlarından olan beynəlxalq “Pi” rəqəm günü kimi riyaziyyatçılar tərəfindən qeyd olunur. “Pi” sayının simvolu “π”, yunan əlifbasının 16-cı hərfidir. Bu hərf, eyni zamanda, yunanca çevrə mənasını verən “perimetier” sözünün də ilk hərfidir. İsveçrəli riyaziyyatçı Leonard Euler 1737-ci ildə nəşr etdiyi əsərində çevrə uzunluğunun diametrinə nisbəti söz mövzusu olduğunda, bu simvolu istifadə edib. Leonard Eulerdən sonra gələn bütün riyaziyyatçılar da bu simvolu mənimsəyib istifadə etdilər. Pi ədədi riyaziyyatçılar arasında 3.14 -dür.
İlk dəfə 1988-ci ildə qeyd olunmağa başlayan Beynəlxalq “Pi” Günü Amerika və Avropada müxtəlif fəaliyyətlərlə qeyd olunur.