Yaddaşdan təfəkkürə, hafizə məktəbindən təfəkkür məktəbinə keçiddən danışırıq, ancaq yenə də...
Antik filosoflardan başlayaraq, postmodernistlər də daxil olmaqla, müasirlərimizə qədər əbəs yerə deməyiblər ki, “Təhsil həyata hazırlıq deyil, təhsil həyatın özüdür” ;“ Təhsil hər hansı bir həyat situasiyasında düzgün hərəkət etmək bacarığıdır” ; “Düşüncəsiz təhsil hədər zəhmətdir” ; “Fitri ağıl hər hansı bir təhsili əvəz edə bilər, amma heç bir təhsil fitri ağlı əvəz edə bilməz” ; “İnsanlar təhsil üçün yox, təhsil insanlar üçündür və o, insanların konkret ehtiyaclarına uyğunlaşdırılmalıdır” ; “Təhsil yaddaşı doldurmaq deyil, beyini inkişaf etdirməkdir.”; “Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq” və s. və i.a. Klassik pedaqoji irsə və müasir tendensiyalara nə dərəcədə yiyələnmişik, ümumiyyətlə yiyələnmişikmi? Bax, məsələnin əsl mahiyyəti elə bundadır".
Bu sözləri TƏHSİL.BİZ -ə açıqlamasında təhsil eksperti Nadir İsrafilov bildirib.
"Yaddaşdan təfəkkürə, hafizə məktəbindən təfəkkür məktəbinə keçiddən danışırıq,"Bizim təhsildə oxuyub-anlama bacarıqları ilə bağlı müəyyən mənada problemlər var. Çünki biz heç vaxt buna fokuslanmamışıq" kimi rəsmi açıqlamalar veririk. Elə isə niyə görə hələ də yaddaşı doldurmaqda davam edirik, niyə oxuyub-anlama bacarıqlarına fokuslanmırıq? Kimi gözləyirik...? Axı, tədrisin məqsədi təkcə öyrətmək deyil, həm də öyrənməyi öyrətmək və öyrənmək imkanı yaratmaqdır. Belə yüklü tədris planları və təhsil proqramları ilə nəyisə öyrənmə imkanı yaranacaqmı?
Baxmayaraq ki, təhsilə dair bir çox müvafiq normativ sənədlərdə ümumtəhsil məktəbində təhsilin milli zəminə, mütərəqqi pedaqoji ənənələrə, eləcə də dünya təcrübəsinə əsaslanmaqla fərdin harmonik inkişafına xidmət etməsinə, ümumtəhsil məktəbində təhsil prosesinin öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşımasına müəyyən yer ayrılıb, bununla belə məktəblərdə təlim-tərbiyə işləri planlaşdırılarkən, ayrı-ayrı fənlərin tərbiyəvi aspektlərinə, məktəbdənkənar və sinifdənxaric tədbirlərin, meyl və maraq üzrə dərnək və məşğələlərin, elmi cəmiyyətlərin, klub və studiyaların təşkilinə, onların milli-mənəvi dəyərlər zəminində formalaşmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə, habelə uşaq və yeniyetmələrlə iş prosesində mütərəqqi pedaqoji yanaşmaları əks etdirən formaların tətbiqinə qaneedici diqqət yetirilmir.
Uşaqların dərs yükünün ağır olması, proqramların yüklülüyü, evə verilən tapşırıqların çoxluğu ilə bağlı şikayətlər, narazılıqlar və narahatlıqlar nə dünənin, nə də bu günün məsələsi olmayıb, uzun illərdən bəri müzakirə obyektinə çevrilsə də hələ ki, ortaq məxrəci tapılmayan bir problem olaraq qalmaqdadır. Məsələ ondadır ki, məktəblərdə tədris proqramının və dərsliklərin yüklü olmasını təkcə valideynlər deyil, psixoloqlar və təhsil mütəxəssisləri də dəfələrlə dilə gətiriblər. Hətta nazirlik rəsmiləri də zaman-zaman bunu etiraf etmək zərurəti qarşısında qalıblar. Bu məsələdə qarşılıqlı ittihamlara da yol verilməmiş deyil.
Bununla belə bir mühüm məqama da etinasız yanaşırıq ki, uşaqları ifrat dərəcədə yükləməklə əslində onları bir növ öz uşaqlıq həyatlarını yaşamaqdan məhrum etmiş oluruq. Bəzi müəllim və valideynlərin uşaqları akademik yükləməklə daha yaxşı öyrənəcəklərini zənn etmələri düşüncəsi problemə kökündən yanlış mövqedən yanaşmadır. Uşaqların dərs yükünün optimallaşdırılması üçün müəllimlərlə işləməzdən və valideynlərə izah etməzdən əvvəl proqramları yüngülləşdirməli, dərslikləri gələcək üçün lazımsız materiallardan azad etməliyik. Təhsil beyni inkişaf etdirməkdir, başı doldurmaq deyil. Məktəb öz yetirmələrinə lazımi bilik, bacarıq və vərdişlər aşılamaqla yanaşı, həm də cəmiyyət üçün fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirmək qayğısına qalmalıdır.
Məsələni bir az da konkretləşdirsək belə qənaətə gələ bilərik ki, məktəbin vəzifəsi öz yetirmələrini müstəqil həyata hazırlamaqdır. Ümumtəhsil məktəbinin məqsədi yetirmələrinə sistemli bilik, bacarıq və vərdişlər aşılamaq, hərtərəfli və ahəngdar inkişaf etmiş şəxsiyyətyönümlü vətəndaş yetişdirməkdir. Mütəxəssis hazırlamaq isə bilavasitə ali təhsil müəssisələrinin vəzifəsidir. Biz də əsasən bununla razılaşırıq, deyirik, yazırıq, ancaq əməl etmirik, ali təhsil müəssisələrinin görəcəyi işi ümumtəhsil məktəbinin, ümumtəhsil məktəbinin görəcəyi işi isə məktəbəqədər təhsilin üzərinə yükləyirik. Nəticəsi də o olur ki, valideyn artıq birinci sinifdən övladının ixtisaslaşması üçün repetitor axtarışına çıxır, müxtəlif hazırlıq kurslarına üz tutur. Nə baş verir? Hara tələsirik? İstixana üsulu ilə süni intellekt yetişdirmək fikrinə düşmüşük?.. Kurikulumların da əsas tələbi odur ki, səriştəyə əsaslanan şəxsiyyət yönümlü vətəndaş hazırlansın. Əlavə yükləmələr isə, əksinə uşaqları bu səriştə və bacarıqlardan məhrum edir. Uşaqlarımızın sağlamlığı bizim üçün onların təhsilindən heç də az əhəmiyyətsiz deyil. Məşhur “sağlam ruh, sağlam bədəndə olar” kəlamı heç də təsadüfən yaranmamışdır".
Bu gün biz uşaqlarımızı faktiki bilik qazanmağa, elementar tərbiyə elementlərinə yiyələnməyə deyil, hansısa test suallarına cavab tapmağa yönləndirmişik. Halbuki, təhsilə dair heç bir normativ sənəddə orta məktəbin vəzifəsi məhz ali məktəbə tələbə hazırlamaq kimi müəyyənləşdirilmiyib. Ümumtəhsil məktəbinin fəaliyyətinin yeni kompleks qiymətləndirmə meyarları hazırlanmalıdır. Məktəbimiz, bütövlükdə təhsilimiz yalnız formaca deyil, məzmun və struktur baxımından yenilənməlidir... Nə qədər ki, bu baş verməyəcək, təhsilalanlarda məktəbə, mükəmməl təhsilə maraq hissi yaranmayacaq. Bu isə yeniyetmə və gənclər arasında bir sıra xoşagəlməz, hətta faciə xarakterli fəsadların baş verməsinə yol açacaq.