Logo

Texniki, texnoloji və Xüsusi təyinatlı ixtisaslar üzrə qrupun iclası keçirilib

11.03.2025 16:42 105 baxış
IMG

Texniki, texnoloji və Xüsusi təyinatlı ixtisaslar üzrə qrupun ilk iclası keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə universitetdən məlumat verilib.

Bir sıra ali məktəblərin rektorları və mütəxəssislərin iştirak etdiyi iclasda qrupun həmsədri, Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev gündəlikdəki məsələlərlə bağlı məlumat verərək qarşıda duran əsas vəzifələri vurğulayıb. Həmsədr magistratura səviyyəsinin yeni ixtisasları altında müasir tələblərə və əmək bazarının ehtiyaclarına cavab verən, tələbəyönümlü ixtisaslaşmanın aparılmasının vacib olduğunu iclas iştirakçılarının nəzərinə çatdırıb. Eyni zamanda ixtisas üzrə kadr hazırlığı həyata keçirilən hər ali təhsil müəssisəsindən bir nəfər nümayəndə və tələbə olmaqla, həmçinin  əmək bazarında həmin ixtisaslaşma üzrə bir mütəxəssisdən ibarət siyahının komissiyaya təqdim olunmasını bildirib. Yaradılacaq İşçi qrupu ixtisaslaşmaları müəyyən edib Elm və Təhsil Nazirliyinə təqdim edəcək. 

İclasda gündəlikdə duran məsələlər ətraflı müzakirədən sonra səsə qoyulub və yekdilliklə qəbul olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr tarixli Qərarı ilə ali təhsilin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələri üzrə ixtisasların yeni təsnifatı təsdiqlənib. Qərardan irəli gələrək yeni təhsil proqramlarının hazırlanması ilə bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq “Komissiyanın yaradılması barədə” əmr imzalayıb. Əmrə əsasən, BMU-nun rektoru Yaqub Piriyev və STP Şirkətlər qrupunun icraçı direktoru Hicran Valehov Texniki və texnoloji və Xüsusi təyinatlı ixtisaslar üzrə qrupun həmsədrləri təyin olunublar.  

Elm və Təhsil Nazirliyinin “Yeni təhsil proqramlarının hazırlanması” üzrə 25 fevral 2025-ci il tarixli ilk iclasının nəticələrinə əsasən müasir tələblərə və əmək bazarının ehtiyaclarına cavab verən kompetensiya əsaslı və tələbəyönümlü yeni təhsil proqramları layihəsini hazırlamaq üçün Texniki, texnoloji və Xüsusi təyinatlı ixtisaslar üzrə İşçi qrupun tərkibinin müəyyənləşdirilməsi və digər istiqamətlərdə addımlar atılmaqdadır.  

Sonda iclas iştirakçıları BMU-nun yeni auditoriyaları, müasir laboratoriyaları, eləcə də Texnoparkı ilə tanış olublar.

 

 

 

 


 

Xəbər lenti