Bu barədə TƏHSİL.BİZ-ə ADA Universitetindən məlumat verilib.
Memorandum çərçivəsində ADA Universitetinin İxtisasartırma Proqramı “Bank of Baku”nun əməkdaşları üçün mini MBA proqramı təşkil edəcək. Proqramda Bankın rəhbər vəzifədə çalışan 30 əməkdaşının iştirakı nəzərdə tutulub. Bundan əlavə, 2 qurum arasındakı razılığa əsasən, “Bank of Baku” tərəfindən ADA Universitetinin tələbələrinə xüsusi təcrübə proqramları təqdim ediləcək, eləcə də Universitet məzunları üçün iş fürsətləri yaradılacaq.
ADA Universitetinin prorektoru Günay Ziyadova təhsil və biznes sektoru arasında əlaqələrin genişlənməsinin hər iki tərəf üçün faydalı olduğunu, eyni zamanda, milli insan kapitalının inkişafına töhfə verdiyini bildirib.
“Universitet-sənaye əməkdaşlığını davamlı olaraq inkişaf etdirir və bu məqsədlə tərəfdaşlarımızın sayını artırırıq. “Bank of Baku”nun da bu prosesə qoşulması ADA tələbə və məzunlarının real iş mühitində praktiki bilik və bacarıq qazanmasına, onların əmək bazarına daha sürətli keçidinə dəstək verəcək. Eyni zamanda, bu əməkdaşlıq Bankın kadr potensialının daha da gücləndirilməsini və peşəkar mütəxəssislərlə təmin olunmasını dəstəkləyəcək”.
Bankın İdarə Heyətinin sədri Həsən Quliyev bu əməkdaşlıqdan bəhs edərkən bildirib ki, “Bank of Baku” hər zaman sektor üçün peşəkar və yüksəkixtisaslı kadrların hazırlanmasına xüsusi töhfələr verib.
“Bu baxımdan, ADA Universiteti ilə başladığımız əməkdaşlıq bankımzın uzunmüddətli ənənəsinin davam etdirilməsinə də dəstək olacaq. İnanıram ki, bu memorandumda nəzərdə tutulan təşəbbüslər bütün maraqlı tərəflər üçün səmərəli və faydalı nəticələr verəcək. “Bank of Baku” olaraq məqsədimiz gəncləri dəstəkləmək, gələcəyin liderlərinin yetişdirilməsinə fayda vermək və sektorda keyfiyyətli xidmət göstərmək üçün kadr hazırlığını davamlı inkişaf etdirməkdir”, – deyə Həsən Quliyev əlavə edib.
Qeyd edək ki, universitet tərəfindən xüsusi olaraq hazırlanmış mini MBA proqramının əsas məqsədi rəhbər şəxslərin menecment bacarıqlarını daha da inkişaf etdirmək, strateji düşünmə və qərar qəbul etmə, eləcə də liderlik, ünsiyyət və problemi həll etmə bacarıqlarını gücləndirmək.
On moduldan ibarət birillik proqram müddətində liderliyin əsasları, komanda və layihə idarəetməsi, strategiya hazırlanması, maliyyə menecmenti, marketinq, menecerlər üçün iqtisadiyyat, biznes analitikası və s. kimi mövzulara toxunulacaq.
Əməkdaşlıq sazişini ADA Universitetinin Tələbə Qəbulu və Xidmətləri üzrə Prorektoru Günay Ziyadova və “Bank of Baku”nun İdarə Heyətinin sədri Həsən Quliyev imzalayıblar.