Logo

ADAU-da milli-mənəvi və dini dəyərlərə həsr olunan regional konfrans keçirilib

12.03.2025 14:07 50 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının, Gəncə Ağsaqqallar Şurasının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional bölməsinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Türk dünyasının qovuşuğunda milli-mənəvi və dini dəyərlərimizin qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin əsasını təşkil edir" mövzusunda regional konfrans təşkil edilib.

TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konfransı ADAU-nun rektoru Zəfər Qurbanov açıq elan edərək bildirib ki, milli-mənəvi, dini dəyərlərin qorunması və inkişaf etdirilməsi Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. "Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu sahədə mühüm addımlar atılır. Gənclərin milli ruhda tərbiyə olunması, onların tariximizi, mədəniyyətimizi dərindən öyrənməsi istiqamətində müxtəlif layihələr icra edilir. ADAU olaraq biz də bu prosesə töhfə verməyə çalışırıq", – deyə rektor vurğulayıb.

Daha sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov mövzu ilə bağlı fikirlərini bölüşüb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin sədri Həsən Məmmədov və Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov qarşıda duran vəzifələr barədə fikirlərini səsləndiriblər. Onlar, həmçinin milli-mənəvi dəyərlərin qorunması istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Türkiyə səfirliyinin Gəncə Baş Konsulluğunun müavini Yiğit Yalın "Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır" mövzusunda məruzə edərək, iki qardaş ölkə arasında tarixi əlaqələrin və strateji əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov "Azərbaycan Ağsaqqallar Şurasının qarşısında duran vəzifələr" mövzusunda danışaraq, milli dəyərlərin yaşadılması və nəsillərarası ötürülməsində ağsaqqalların rolunu vurğulayıb. O, bu ənənələrin qorunması və gənc nəslə ötürülməsinin vacibliyini bildirib.

ADAU-nun İctimai fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Samirə Qasımova və Şah Abbas məscidinin dini icmasının sədri Əlisəftər Səfərəliyev çıxışlarında, milli-mənəvi dəyərlərin qorunması və inkişafının vacibliyini qeyd edib, bu dəyərlərin gənc nəslə aşılanmasının cəmiyyətin mənəvi bütövlüyü üçün önəmli olduğunu vurğulayıblar.

Konfransda iştirak edən şəhid Rauf Əsgərovun anası Brilyant Əsgərova və Gəncə Şəhər Ağsaqqallar Şurasının sədrinin birinci müavini Zabit Xəlilov da mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Xəbər lenti