Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 3 gün davam edən Elm Festivalı uğurla yekunlaşıb.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə qeyd olunan Elm Günü çərçivəsində keçirilmiş festival elmin populyarlaşdırılması, təşviqi və cəmiyyətlə əlaqələrinin möhkəmləndirilməsi baxımından önəmli platforma rolunu oynayıb.
Festivalın açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, UNEC-in rektoru professor Ədalət Muradov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev, eləcə də bir çox tanınmış alimlər, tədqiqatçılar və tələbələr iştirak ediblər.
Festivalda son on ildə UNEC alimlərinin “Web of Science”da çap olunmuş məqalələrinin sayının 301 dəfə, “Scopus”da çap olunmuş məqalələrinin sayının 277 dəfə, “Scopus”da məqalələrə istinad sayının isə 227 dəfə artdığı, bu artım üzrə universitetin dünyada lider olduğu bildirilib. Qeyd edilib ki, ötən il UNEC alimlərinin “Scopus”da çap olunmuş məqalələrinin 81,2 faizi 123 ölkənin, “Web of Science”dakı məqalələrin 91 faizi 108 ölkənin alimləri ilə birgə çap olunub. Həmçinin həmin ildə 2023-cü illə müqayisədə “Scopus”dakı məqalələrinin sayı 2 dəfə, “Web of Science”dakı sayı isə 2,5 dəfə artıb.
Festival çərçivəsində müxtəlif mövzularda və formatlarda sərgilər, təqdimatlar, tədbirlər, müzakirələr və təltifolunmalar baş tutub.
“Gələcəyin alimləri və mühəndisləri” adlı kreativ sərgi universitetin tələbələrinin və region məktəblərinin şagirdlərinin əl işlərinin təqdimatı ilə yadda qalıb. İştirakçılar UNEC Dizayn məktəbinin tələbələrinin bir-birindən maraqlı əl işlərini, Mühəndislik fakültəsinin müəllim və tələbələrinin UNEC laboratoriyalarında hazırladıqları qida məhsullarını xüsusi maraqla qarşılayıblar.
Festival çərçivəsində Dünya Azərbaycanlı Alimləri Birliyinin iştirakı ilə “Elmlə səyahət: elm göründüyündən daha yaxındır” mövzusunda keçirilən beynəlxalq təqdimat və diskussiyalar zamanı xaricdə yaşayan azərbaycanlı alimlər, o cümlədən İsrail, Türkiyə və digər ölkələrin professorları elmin gələcək inkişafı ilə bağlı təkliflər səsləndiriblər.
Festivalın əlamətdar hadisələrindən biri də bp-nin maliyyə dəstəyi ilə universitet tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş London İqtisadiyyat Məktəbinin professoru Paul De Grauvenin “Bazar hüdudları: Dövlət və bazar arasındakı iqtisadi rəqqas” kitabının təqdimatı olub. Əsər tədqiqatçılar, tələbələr və iqtisadçılar üçün əhəmiyyətli resurs sayılır.
Festival günlərində, həmçinin universitetin ilk “Scopus” indeksli elmi jurnalı olan “UNEC Journal of Engineering and Applied Sciences”in (JEAS) və ilk tələbə jurnalı olan “UNEC Tələbə Tədqiqatları”nın təqdimatları da keçirilib.
Universitetin elmin rəqəmsallaşdırılması istiqamətində gördüyü işlər də festivalın əsas mövzularından olub. “Elmin rəqəmsallaşdırılmasının UNEC modeli: Akademik məlumatların idarə edilməsi sisteminin tətbiqi” mövzusunda keçirilən plenar iclasda keçən il UNEC-də istifadəyə verilmiş Akademik Məlumat İdarəetmə Sisteminin (AVESİS) təqdimatı olub və bu istiqamətdə geniş müzakirələr aparılıb.
Festivalın sonunda UNEC-də 2024-cü il üzrə “Scopus” bazasında elmi fəaliyyəti ilə fərqlənən kafedralar təltif olunublar. Mühəndislik və tətbiqi elmlər kafedrası ən çox elmi əsəri indekslənən, Maliyyə və audit kafedrası ən çox istinad edilən, Biznesin idarə edilməsi kafedrası Q1 kateqoriyalı jurnallarda ən çox məqaləsi olan kafedra kimi tanınıb. İqtisadiyyat və Maliyyə və audit kafedraları isə ən çox beynəlxalq həmmüəlliflərlə birgə tədqiqat aparan bölmələr kimi xüsusi mükafata layiq görülüblər.
“İqtisadiyyat, ekonometrika və maliyyə”, “Ətraf mühit elmləri”, “Enerji”, “Riyaziyyat”, “Kompüter elmləri”, “Materialşünaslıq”, “Kimya və kimya mühəndisliyi” sahələri üzrə son 5 ildə ən yüksək elmmetrik göstəriciyə malik UNEC müəllimləri, eləcə də “Gələcəyin alimləri və mühəndisləri” adlı sərgidə aktiv iştirak edən tələbələr də “Təşəkkürnamə”lərlə təltif olunublar.