Aprelin 28-də Avropa Komissiyasının sabiq departament rəhbərinin müavini, İtaliyanın Parma Universitetinin Plazma və Nüvə Fizikası üzrə dəvətli müəllimi, professor Franco Cozzani Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.
Bu barədə ADNSU-dan TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, universitetin rektoru dosent Rüfət Əzizovla görüşən qonaq bu köklü ali təhsil müəssisəsinin fəaliyyəti və tanınmış məzunları barədə məlumatlı olduğunu bildirib və burada tədris üçün yaradılan şəraiti yüksək dəyərləndirib.
Görüş zamanı nüvə enerjisi sahəsində qabaqcıl tədqiqatlar, sosial məsuliyyətin artırılması, gələcək əməkdaşlıq imkanları, o cümlədən tələbələr üçün seminarlar, yay məktəbləri və ixtisasartırma proqramlarının təşkili məsələləri müzakirə olunub.
Sonra professor Cozzani universitetdə “Gələcəyin enerji mənbəyi kimi nüvə birləşməsi texnologiyaları” və “Nüvə birləşməsi və qabaqcıl nüvə parçalanması üzrə müasir enerji texnologiyaları” mövzularında seminar keçirib. Seminarda həmçinin iştirakçılara qabaqcıl nüvə parçalanma üsulları və onların tətbiq sahələri, Avropada və dünyada aparılan tədqiqatlar və təşəbbüslər haqqında ətraflı məlumat verilib.
Sonda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.