“Türk dünyası ağsaqqalları” qəzetinin təşəbbüsü ilə “Türk dünyası “Vikipediya”da” layihəsi çərçivəsində məqalələrin zənginləşdirilməsi, yerləşdirilməsi və yeni mətnlərin yaradılması prosesi uğurla davam etdirilir. Layihə çərçivəsində könüllülər tərəfindən türk dünyasının tarixini, mədəniyyətini, ədəbiyyatını, memarlığını əhatə edən 60-dan çox məqalə yaradılıb.
Bu barədə Tehsil.biz-ə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini, “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədov məlumat verib.
“Könüllülər tərəfindən “Vikipediya”nın Azərbaycan dili bölməsində türkoloq, islamşünas, Osmanlı tarixi üzrə mütəxəssis Robert Mantran, balkar ictimai xadimi və maarifçisi İsmayıl Urusbiyev, qaraqalpaq şairi və publisisti Şirin Xalmuratova, Özbəkistanın Xalq şairi Omon Matjon, Rusiya Federasiyası Altay Respublikasının Xalq yazıçısı İvan Şodoyev, Kabardin-Balkar Respublikasının Xalq yazıçısı Qurtulan Bert, xakas yazıçısı və jurnalisti Oleq Şulbayev haqqında məqalələr yaradılıb. “Türk dünyası “Vikipediya”da” layihəsi davam edəcək. Gələcək fəaliyyətimiz davamlı və sistemli şəkildə olacaq. Məqsəd türk dünyasını əhatə edən məqalələri elektron resursda zənginləşdirmək, cəmiyyətimiz üçün müvafiq sahədə informasiya bazasını genişləndirmək və daha da əlçatan etməkdir”, - deyə R.Əhmədov bildirib.