Martın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsində tələbələr üçün Qərbi Azərbaycan tarixi ilə bağlı mühazirə keçirilib.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, Dövlət Proqramı çərçivəsində Türkiyə Respublikasının İstanbul Universitetində doktorantura təhsili alan gənc araşdırmaçı-tarixçi Dilqəm Əhməd Filologiya fakültəsinin tələbələri ilə görüşündə Qərbi Azərbaycanın tarixindən, 1915-1930-cu illərdə Qərbi Azərbaycandan Türkiyəyə olan köçlər barədə məlumat verib. Tarixçi İrəvanda doğulmuş görkəmli şəxsiyyətlərimizin (Məhəmməd Ağaoğlu, Əkbər ağa Şeyxülislamzadə, Məhəmməd Məhərrəmov, Hüseyn xan Turqut, Qafar Güney) həyat və fəaliyyətləri haqqında təqdimatla çıxış edib və tələbələrin sualları cavablandırılıb.
Tədbirdə, eyni zamanda dövlət proqramının əhəmiyyətindən bəhs edilib, gənclərimizin proqram çərçivəsində aparıcı dünya universitetlərində qabaqcıl biliklərə yiyələnərək peşəkar inkişaflarına və ölkəmizin elmi potensialına dəyərli töhfə vermək imkanı əldə etdikləri vurğulanıb.