Logo

BDU tələbələri “AIESEC Azərbaycan” beynəlxalq gənclər təşkilatının fəaliyyəti barədə məlumatlandırılıb

04.03.2025 16:38 83 baxış
IMG

“AIESEC Azərbaycan” beynəlxalq gənclər təşkilatı Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə tələbələr üçün infosessiya keçirib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov “AIESEC Azərbaycan”ın həyata keçirdiyi layihələrin gənclərin şəxsi və peşəkar inkişafında mühüm rol oynadığını qeyd edib. O, “BDU könüllüləri” təşkilatının da tələbələrin gələcək karyeralarına və sosial fəaliyyətlərinə mühüm töhfə verdiyini vurğulayıb.

“AİESEC Azərbaycan”ın marketinq və ictimaiyyətlə əlaqələr komitəsinin sədri Nazənin Məmmədli tələbələrə qurumun fəaliyyət istiqamətləri, beynəlxalq proqramları və təşkilata qoşulma prosesini izah edib. Bildirib ki, “AIESEC”in tələbələr üçün təqdim etdiyi xaricdə könüllülük, maaşlı təcrübə və liderlik proqramları iştirakçılara fərdi inkişaf, yeni mədəniyyətlərlə tanışlıq və qlobal şəbəkə qurmaq baxımından geniş imkanlar yaradır.

Daha sonra təşkilatın fəaliyyəti və proqramları barədə videoçarx nümayiş etdirilib.

İnfosessiya interaktiv müzakirələrlə davam edib.

Qeyd edək ki, “AIESEC” dünyanın 130-dək ölkəsində fəaliyyət göstərir. Təşkilatın Azərbaycanda fəaliyyəti isə 2006-cı ildən başlayıb. Təşkilatın əsas məqsədi gənclərin liderlik potensialını aşkarlamaq, onların inkişafına töhfə vermək, müxtəlif proqramlar vasitəsilə onlara beynəlxalq təcrübə keçmək şansı yaratmaqdır.

Xəbər lenti