Logo

BDU tələbələri Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar keçirilən dəyirmi masada iştirak ediblər

04.03.2025 17:10 45 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq və Biologiya fakültələrinin müəllim-tələbə heyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) 3 Mart - Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar dəyirmi masada iştirak edib.

Bu barədə TƏHSİL.BİZ -ə BDU-dan məlumat verilib.

ETSN-nin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, vəhşi təbiətin qorunmasının vacibliyi, nadir bitki və heyvan növlərinin müxtəlifliyinin təbliği məqsədilə 2013-cü martın 3-dən etibarən Ümumdünya Vəhşi Təbiət Günü qeyd edilir. 2025-ci ildə bu beynəlxalq günün mövzusu “Vəhşi təbiəti mühafizənin maliyyələşdirilməsi: insanlara və planetə investisiya”dır. Məqsəd həm insanlar, həm də planet üçün dayanıqlı bir gələcək qurmaqdır. Hazırda bir milyondan çox növün nəsli kəsilmək təhlükəsi altındadır və planetimiz ekoloji böhranla üz-üzədir.

Tədbirdə ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva, Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov, Azərbaycan Ornitoloji Cəmiyyətinin direktoru Elçin Sultanov tələbələrə günün mahiyyəti, nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması və reintroduksiya layihələri, Azərbaycanın ornitofaunası və nadir quş növlərinin mühafizəsi haqqında ətraflı məlumat veriblər.

Daha sonra ETSN-nin şöbə müdiri Səyyarə Məmmədova tərəfindən BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinə “Azərbaycan təbiəti” kitabı hədiyyə olunub.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti