Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev “İnnostart” layihəsində uğur qazanan startapçı gənclərlə görüşüb.
TƏHSİL.BİZ xəbər verir ki, rektor gəncləri təbrik edərək onların nailiyyətlərinin universitetin innovasiya sahəsində artan rolunu göstərdiyini vurğulayıb.
Elbrus İsayev “I Startap müsabiqəsi”, ASAN Xidmət “Ekoloji Hakaton”, “Robotex International”, “Enactus” Milli Çempionatı, “StartupFest” Naxçıvan, “AgroChat” startapı “INMerge Innovation Summit” və digər bir çox layihələrdə, proqramlarda iştirak, ardıcıl qazanılan nailiyyətləri xatırladaraq regional ekosistemdə NDU-nun rolunu daha da gücləndiyini bildirib.
Rektor qeyd edib ki, Naxçıvan Dövlət Universitetində yeni yaradılan Naxçıvan İnnovasiya Mərkəzi təhsilalanların yenilikçi ideyalarının reallaşmasında və müasir texnologiyaların tətbiqində mühüm əhəmiyyət daşıyır. Universitetin innovativ təşəbbüslərin dəstəklənməsi və gənclərin yaradıcılıq potensialının inkişafı istiqamətində bundan sonra da fəaliyyətlərin olacağını bildirib.
Görüşdə “İnnostart” layihəsinin nəticələri də diqqətə çatdırılıb. Vurğulanıb ki, “SUP VC” MMC tərəfindən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Naxçıvan Dövlət Universitetinin birgə həyata keçirdiyi “İnnostart” layihəsi çərçivəsində unniversitetin “Specdeaf“ və “İmYen“ komandaları qalib gələrək hər biri 12 500 manat investisiya mükafatı qazanıb. Qaliblər Türkiyənin Bilişim Vadisində inkubasiya proqramında iştirak ediblər, eləcə də NDU tərəfindən həyata keçirilən layihə çərçivəsində universitetdə bir neçə hakaton təşkil olunub, qaliblərə investisiya və təlim imkanları yaradılıb.
Sonda startapçı tələbələrin fikirləri dinlənilib. Tələbələr yaradılan imkanlara görə minnətdarlıqlarını bildiriblər.