Logo

“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı

27.11.2024 09:53 186 baxış
IMG

Təhsilin İnkişafı Fondu ilə Qırmızı Ürəklər Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul elan edilir.

Bu barədə TƏHSİL.BİZ -ə Təhsilin İnkişafı Fondundan məlumat verilib. Bildirilib ki, proqrama ölkə üzrə bütün ali təhsil müəssisələrinin I kurs tələbələri müraciət edə bilərlər. Proqram çərçivəsində seçilmiş tələbələr aylıq təqaüd qazanmaq imkanı əldə edəcəklər.

Təqaüd proqramında iştirak etmək üçün tələb olunan meyarlar:

- Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.

- Azərbaycan Respublikasının elmi müəssisə və təşkilatlarında əyani təhsilalma forması üzrə bakalavriat təhsili (1-ci kurs) almalıdır.

- Ali təhsil müəssisəsinə minimum qəbul balı 600 olmalıdır.

- Dərsdənkənar fəaliyyətdə aktiv olmalıdır (könüllü, sosial fəaliyyət və s.).

Aşağıda qeyd olunan sosial meyarlardan birinə uyğun olmalıdır:

– Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvü;

– I, II və ya III dərəcə əlilliyi müəyyən edilmiş şəxslər; valideynləri olmayan və ya uşaq evində böyümüş şəxslər.

– Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan şəxs:

– I, II və ya III dərəcə əlilliyi müəyyən edilmiş şəxslər; işsiz kimi qeydiyyatda olanlar; iş yeri olmayan və yaşa görə əmək pensiyası alanlar;

– İş yeri olmayan və yaşa görə sosial müavinət alanlar.

Qeyd: Yuxarıdakı sosial meyarlara cavab verən I kurs tələbələrinin seçimi zamanı qəbul imtahanında toplanılan bal əsas götürülür.

Seçim prosesi onlayn müraciət, qiymətləndirmə və müsahibə mərhələlərindən ibarət olacaq. Seçim zamanı akademik göstəricilər və motivasiya məktubu nəzərə alınacaq. Yekun seçimdə müsahibə mərhələsində göstərilən nəticə əsas götürülür. Müsahibə zamanı namizədlərə hədəfləri, sosial vəziyyəti, fəaliyyəti, tələbələrin həyatı ilə bağlı suallar veriləcək. Bütün mərhələlərdən uğurla keçən 23 tələbə aylıq 200 manat məbləğində təqaüd əldə edəcək.

Namizədlər linkə daxil olaraq proqrama müraciət edə bilərlər.

Müraciətlər dekabrın 15-dək qəbul olunacaq.

Qeyd: Təhsilin İnkişafı Fondunun təşkil etdiyi digər təqaüd proqramlarından yararlanmış şəxslər bu layihəyə müraciət edə bilməzlər.

Xəbər lenti