Logo

DİM-in keyfiyyət idarəetmə sistemi qiymətləndirilib

15.01.2025 15:23 49 baxış
IMG

Niderlandın İmtahan və Sertifikatlaşdırma üzrə Tədqiqat Mərkəzi (RCEC) tərəfindən aparılan təkrar auditin nəticələri əsasında Dövlət İmtahan Mərkəzinə (DİM) fəaliyyəti ilə bağlı uyğunluq sertifikatı təqdim olunub. 

TƏHSİL.BİZ  xəbər verir ki, bu gün bununla bağlı keçirilən tədbirdə  DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə auditin əsas məqsədinin mərkəzin keyfiyyət idarəetmə sisteminin qiymətləndirilməsi, auditin nəticələrinə əsaslanaraq sistemin effektivliyinin daha da artırılması olduğunu qeyd edib. Audit zamanı DİM-in fəaliyyəti və iş prinsipləri beynəlxalq standartlara uyğunluq baxımından yüksək qiymətləndirilib. 

Sədr vurğulayıb ki, auditin nəticəsi DİM-in fəaliyyətində innovativ yanaşmaları və müasir idarəetmə sistemlərini tətbiq etdiyini və dövrün çağırışlarına əsasən fəaliyyət göstərdiyini bir daha sübut edir. 

RCEC təşkilatının direktoru Jan Arnold Brauer bildirib ki, DİM-in keyfiyyət idarəetmə sisteminin təkrar auditinin uğurla tamamlanması mühüm bir nailiyyətdir. O, qeyd edib ki, bu audit yalnız qurumun yüksək keyfiyyət standartlarına riayət etdiyini təsdiqləmir, həmçinin imtahan prosesində ədalət, etibarlılıq və mükəmməlliyə sadiqliyini də nümayiş etdirir: “Qurumunuzun yüksək standartların tələblərinə olan bağlılığı təkcə Azərbaycandakı təhsilin inkişafına kömək etmir, eyni zamanda, regionda və dünyada digər qurumlar üçün də əla nümunədir”. 

Çıxışın sonunda J.A. Brauer audit prosesinin nəticəsi olaraq, RCEC-nin 3 il etibarlılığı olan uyğunluq sertifikatını M.Abbaszadəyə təqdim edib. 

Qeyd edək ki, 2008-ci ildən fəaliyyət göstərən RCEC  imtahan keçirən təşkilatların keyfiyyət idarəetmə sisteminin auditi prosesini həyata keçirir. DİM-in fəaliyyətinin RCEC tərəfindən ilk dəfə auditi 2020–2021-ci illərdə aparılıb və DİM 2021-ci ildə RCEC-nin 3 il etibarlılığı olan uyğunluq sertifikatı ilə də təltif olunub. 

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/15%20January%202025/3ce32513-2632-4812-b80a-e26c15a44511_907bc779-3208-4127-aa05-322655e4e639.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/15%20January%202025/8486fdc4-c458-4129-b2ba-afe35204a07c_d98af99b-d7ce-42f7-adea-744adc3d0918.jpg

 

 

 


 

Xəbər lenti