Logo

“Binamız çox köhnə olduğundan yenisinin tikilməsini arzulayırıq”

15.01.2025 16:29 99 baxış
IMG

Uşaqların meyil və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcı qabiliyyətlərinin inkişafı, fiziki imkanlarının artırılması baxımından məktəbdənkənar təhsilə olan marağın da artırılması vacibdir.TƏHSİL.BİZ  Şirvan-Salyan Regional Təhsil İdarəsinin (ŞSRTİ) tabeliyindəki məktəbdənkənar təhsil müəssisələrinin dərnəklərinə şagirdlərin marağını araşdırıb.

ŞSRTİ-dən sorğumuza cavab olaraq bildirilib ki, idarənin tabeliyində 7 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Onların 2-si Salyan, 2-si Hacıqabul, 1-i Biləsuvar, 1-i Neftçala rayonunda, 1-i isə Şirvan şəhərində yerləşir.

Belə müəssisələrdən biri də 2017-ci ildən fəaliyyət göstərən Şirvan şəhərindəki Uşaq-Gənclər İnkişaf Mərkəzidir.

Mərkəzin direktoru Xanım Ağayevanın sözlərinə görə, mərkəzin 47 qrupunda 641 şagird məktəbdənkənar təhsilə cəlb edilib. UGİM-in Uşaq yaradıcılıq şöbəsində 13, Ekoloji tərbiyə və təcrübəçilik şöbəsində 12, Estetik tərbiyə şöbəsində 10, Texniki yaradıcılıq şöbəsində 12 qrup var. Mərkəzə gələn şagirdlər, əsasən, öyrədici və yaradıcılıq istiqamətlərinə maraq göstərirlər.

Xanım Ağayeva mərkəzin uğurlarını da sadalayıb:

“Mərkəzimizin uğurları çoxdur. Belə ki, paytaxtda keçirilən “Təmiz məhsul və aqrobiomüxtəliflik” VI respublika müsabiqəsinin zona və final mərhələsində şagirdlərimiz - Minurə Şükürova və İsmayıl Mahmudov qalib olublar. Mehriban Əhmədova həm respublika onlayn şeir müsabiqəsində, həm də “Ümummilli Lider Heydər Əliyevin 100 illiyi” münasibətilə keçirilmiş şeir müsabiqəsində II yerə layiq görülüb. Ayla Mahmudova “Uşaqların rəngli dünyası” adlı rəsm müsabiqəsində və “Nizami Gəncəvi əsərləri: Gənc rəssamların gözü ilə” onlayn rəsm müsabiqəsində I yer qazanıb.

Eyni zamanda, mərkəzimiz Elm və Təhsil Nazirliyinin və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının gümüş medalçısı olub. Bununla yanaşı, mərkəzimizin şagirdləri bir çox müsabiqə, festival və tədbirlərdə diplom və medallar qazanıblar”.

X. Ağayeva əlavə edib ki, Şirvan şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin hazırkı binası çox köhnədir. Buna görə də müasir standartlara uyğun yeni binanın tikilməsini arzulayırlar.

Burada işləyən dərnək rəhbərləri ilə də həmsöhbət olduq. Dərnək rəhbəri Sona Mahmudovanın sözlərinə görə, dərnəklərin təşkili üçün valideynlərlə sıx əlaqə qurulur: “2003-cü ilin sentyabrından mərkəzdə dərnək rəhbəri kimi çalışıram. Hazırda “Aplikasiya” və “Dekorativ rəsm” dərnəklərində fəaliyyət göstərirəm. Hər qrupda 13 şagird olmaqla, ümumilikdə 26 üzvümüz var. Əsas məqsədim istedadlı uşaqları üzə çıxarmaq və onların marağını artırmaqdır. Dərnək haqqında əvvəlcədən geniş məlumat verir, əvvəlki illərin uğurlarını paylaşır, valideynlərlə əlaqə saxlayıram. Bu, üçtərəfli münasibət yaratmağa kömək edir.
Uşaqlar rənglər, formalar və xətlər dünyasını kəşf edir, emosiyalarını ifadə edirlər. Dərnək üzvləri üçün mədəni-kütləvi tədbirlər, yaradıcılıq müsabiqələri, sərgi və ekskursiyalar təşkil edirəm. Uşaqlarla işləmək mənim üçün böyük zövqdür”.

Dərnək rəhbəri Xəyalə Əmirova isə belə deyir: “2004-cü ilin avqust ayından bu mərkəzdə çalışıram. “Ailə və ətraf mühit” adlı dərnək məşğələlərimdə iki qrup fəaliyyət göstərir. Hər qrupda 15 üzv var. Şagirdlərimin fəallığı, ekoloji maarifləndirmə işləri diqqətəlayiqdir. Dərnəklər məktəblilərin asudə vaxtını səmərəli təşkil edir və onların istedadının inkişafında mühüm rol oynayır”.

Xəbər lenti