Logo

Ötən il NDU-nun Elmi Kitabxanasına 8400-dən çox oxucu müraciət edib

22.01.2025 17:48 40 baxış
IMG

Naxçıvan Dövlət Universitetində ali təhsil ocağının Elmi Kitabxanasının mövcud vəziyyəti və qarşıda duran problemlərin həllinə dair müşavirə keçirilib

NDU-nun Media və ictimaiyyətlə əlaqələr bölməsindən TƏHSİL.BİZ -in Naxçıvan bürosuna bildirilib ki, müşavirədə rektor müşaviri (iqtisadi məsələlər üzrə), dekanlar, universitet nəzdindəki kolleclərin, beynəlxalq məktəb və gimnaziyanın direktorları, Elmi Kitabxananın heyəti, İT şöbəsi və Media mərkəzinin nümayəndələri iştirak ediblər.

Universitetin rektoru Elbrus İsayev müşavirənin keçirilməsində əsas məqsədin ötən ildə kitabxananın ümumi fəaliyyəti, əldə olunan nəticələr, 2025-ci il üzrə kitabxananın fəaliyyət planı, hədəfləri, elektron bazalara çıxış imkanları, mövcud vəziyyətin müzakirəsi olduğunu bildirib.

Elmi Kitabxananın direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova 2024-cü ildə əldə olunmuş nailiyyətlərdən, 2025-ci il üzrə qarşıya qoyulmuş əsas məqsəd və vəzifələrdən bəhs edib.

Bildirilib ki, kitabxananın ümumi fondunu 180 min ənənəvi kitab, 8 min elektron resurs təşkil edir. Bundan əlavə, Qərbi Azərbaycan Mərkəzi və xaricdə yaşayan azərbaycanlı alimlərin əsərlərindən ibarət fondlar yaradılıb. 2024-cü ildə Elmi Kitabxana üçün mühüm hadisələrdən biri kitabxananın yeni NDU – LİB sisteminin və lib.ndu.edu.az saytının istifadəyə verilməsidir. Yeni sistemin yaradılmasında əsas məqsəd irihəcmli və xarici dildə olan ədəbiyyatların elektronlaşmasını reallaşdırmaqdan ibarətdir.

Qeyd olunub ki, NDU-nun Elmi Kitabxanası 11 bazanı əhatə edən, 13 mindən çox jurnal, 2700 kitab, 400-ə yaxın qəzet materialına abunə olan EBSCO və 21293 tammətnli kitablar və 74604 ümumi nəşrlərə abunə olan “EBSCO Discovery” beynəlxalq elektron bazalara çıxış əldə edib. 2024-cü ildə, həmçinin “Clarivate” şirkətinin təqdim etdiyi “ProQuest Dissertations&Theses Global” verilənlər bazasının və “Taylor &Francis” beynəlxalq nəşriyyatının elektron kitablarından ödənişsiz istifadə imkanı əldə olunub. 2024-cü ildə NDU Elmi Kitabxanasına 3908 sayda ənənəvi kitab daxil olub, kitabxanadan 8450 oxucu istifadə edib.

Müşavirədə 2025-ci il üçün qarşıya qoyulan elektron bazalara çıxışı, digər akademik kitabxanalarla əməkdaşlıqları genişləndirmək, DIRNA layihəsi çərçivəsində elektron arxivlərin qurulmasını təmin etmək, inklüziv təhsilə dəstək olmaq məqsədilə gözdən əlil oxucular üçün audio kitabların hazırlanması və digər hədəflər, eyni zamanda 2025-ci il üçün fəaliyyət və tədbirlər planı müzakirə edilib.

Rektor Elbrus İsayev müzakirə olunan məsələlərin həlli ilə bağlı öz təklif və tövsiyyələrini bildirib və Elmi Kitabxananın onlayn xidmətlərindən istifadənin operativliyinin təmin edilməsi məqsədi ilə sorğu-axtarış mobil tətbiq sisteminin yaradılması, fakültə kitabxanalarının təkmilləşdirilməsi təkliflərinin icrası üçün göstəriş verib.

Xəbər lenti