Somalinin neft və mineral ehtiyatlar naziri Dahir Shire Mohamedin rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub. Görüşdə SOCAR-ın vitse-prezidenti Ziba xanım Mustafayeva, BANM-in rektoru Elmar Qasımov, SOCAR-ın vitse-prezidentinin müşaviri Səbinə Kərimova, eləcə də BANM heyəti iştirak edib.
Bu barədə TƏHSİL.BİZ -ə BANM-dən məlumat verilib.
Ziba Mustafayeva BANM-in fəaliyyətindən, əldə etdiyi yüksək nailiyyətlərdən bəhs edib. O, eyni zamanda, ali məktəbin beynəlxalq əlaqələrinin genişləndiyini, xarici tələbələrin sayının ilbəil artdığını və Somali tələbələri üçün də burada geniş imkanların mövcud olduğunu vurğulayıb.
Qeyd olunub ki, SOCAR Somalidən olan tələbələr üçün 3 təqaüd yeri ayırıb.
BANM-in sənaye ilə sıx əməkdaşlıq etdiyini bildirən vitse-prezident tələbələrin təcrübə proqramları və elmi araşdırmalar sahəsində əldə etdiyi uğurların onların gələcək karyerasına mühüm töhfə verdiyini diqqətə çatdırıb.
Görüşdə BANM və Somali nümayəndələri arasında potensial əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.