Logo

Üzeyir Hacıbəylinin 140 illiyi bağlı AMEA-nın Tədbirlər planı təsdiqlənib

08.03.2025 22:05 99 baxış
IMG

AMEA Rəyasət Heyətinin növbəti iclasında müzakirəyə çıxarılan məsələlərdən biri də Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” 3 fevral 2025-ci il tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planının təsdiq edilməsi haqqında olub.

Bu barədə TƏHSİL.BİZ -ə AMEA-dan məlumat verilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Sərəncamda Mədəniyyət Nazirliyinə Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə dahi Azərbaycan bəstəkarının anadan olmasının 140-cı ildönümünə dair Tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.

Sərəncamın icrasından irəli gələn məsələlərin həllini təmin etmək məqsədilə AMEA Rəyasət Heyətinin 2025-ci il 10 fevral tarixli iclasında qərar qəbul edilib və AMEA-nın elmi müəssisə və təşkilatlarına, regional elmi bölmə və mərkəzlərinə Üzeyir Hacıbəylinin yubileyinin qeyd edilməsi ilə bağlı AMEA-nın Tədbirlər planının hazırlanması ilə bağlı təkliflərini təqdim etmələri tapşırılıb.

AMEA rəhbəri ötən müddət ərzində təqdim olunmuş təkliflər əsasında Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi ilə bağlı AMEA-nın Tədbirlər planının layihəsinin hazırlanaraq AMEA-nın Rəyasət Heyətinə təqdim olunduğunu diqqətə çatdırıb.

Tədbirlər planında “Üzeyir Hacıbəyli: ədəbi-mədəni dəyər və mənəvi-estetik zənginlik”, “Akademik Üzeyir Hacıbəyli və Azərbaycan musiqi mədəniyyəti”, “Üzeyir Hacıbəylinin publisistikasında dil məsələləri”, “Üzeyir Hacıbəylinin Azərbaycanın ictimai-siyasi fikir tarixində yeri”, “Üzeyir Hacıbəylinin yaradıcılığı və maarifçilik fəaliyyəti”, “Üzeyir Hacıbəylinin yaradıcılığında azərbaycançılıq və türkçülük ideyaları”, “Xalq düşüncəsinin ecazkarlığı: səsdə və bədii sözdə”, “Azərbaycan musiqişünaslığında Üzeyir Hacıbəyli imzası”, “Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəllərinə bəstələnmiş romansları”, “Üzeyir Hacıbəylinin jurnalistik fəaliyyəti”, “Üzeyir Hacıbəyli – 140” mövzusunda konfrans, dəyirmi masa, virtual sərgi və bir sıra nəşrlərin çapı yer alıb.

Müzakirələrdən sonra Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı AMEA-nın Tədbirlər planı təsdiqlənib.

Xəbər lenti