AMEA Rəyasət Heyətinin iclasında müzakirəyə çıxarılan növbəti məsələ AMEA-da 27 Mart - Elm Gününün keçirilməsi haqqında olub.
Bu barədə TƏHSİL.BİZ -ə AMEA-dan məlumat verilib.
AMEA-nın prezidenti Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycanda Elm Günü olaraq məhz Azərbaycan Milli Elmlər Akademiyasının təsis edildiyi tarixin müəyyən edilməsi dövlətimizin başçısı tərəfindən AMEA-ya, Azərbaycan elminə və Azərbaycan alimlərinə göstərilən yüksək diqqət, qayğı və etimadın bariz nümunəsidir. Vurğulayıb ki, 80 illik tarixi inkişaf yolu keçmiş akademiyaya bu yüksək etimadın əsasında həm də müasir Azərbaycan mədəniyyətinin, milli dövlətçilik və azərbaycançılıq məfkurəsinin formalaşmasında, milli ziyalı elitasının yetişdirilməsində AMEA-nın fəaliyyəti dayanır.
“Hazırda Azərbaycan elminin və onun əsas aparıcı mərkəzlərindən olan Azərbaycan Milli Elmlər Akademiyasının inkişafı yeni reallıqlara uyğun olaraq davam etdirilir. Bu inkişafın əsasını Prezident İlham Əliyevin müəyyənləşdirdiyi və ölkənin hərtərəfli inkişafına yönəlmiş dövlət siyasətinin həyata keçirilməsində yaxından iştirak etmək, Azərbaycan dövlətinin elmi fəaliyyət sahəsində məqsədyönlü şəkildə reallaşdırdığı islahatların tərkib hissəsi olmaq təşkil edir”, - deyə akademik İsa Həbibbəyli söyləyib.
AMEA rəhbəri bildirib ki, Elm Gününün qeyd edilməsi elmi fəaliyyətin cəmiyyətdə nüfuzunun gücləndirilməsi, elmin populyarlaşdırılması, alimlərin əməyinin qiymətləndirilməsi, onların yeni elmi nailiyyət və uğurlara təşviq edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
İclasda AMEA-nın Elm Gününə həsr edilmiş tədbirinin aprelin 10-da keçirilməsi qərara alınıb və tədbirin proqramı təsdiqlənib.