Logo

Ədəbiyyat Muzeyində elmi sessiya: “Əbədi ömrün ikinci əsri” - FOTO

10.05.2024 17:59 167 baxış
IMG

Mayın 10-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “Əbədi ömrün ikinci əsri” mövzusunda elmi sessiya keçirilib.

Tehsil.biz xəbər verir ki, elmi sessiyada muzeyin direktoru akademik Rafael Hüseynov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın yeni dövlətçilik tarixində əvəzsiz rolundan, ölkəsinin, xalqının tərəqqisi, rifahi naminə gördüyü misilsiz işlərdən bəhs edib. Bildirib ki, Heydər Əliyev Azərbaycan xalqını dünyada güclü xalqa çevirmək, Azərbaycan adını dünyada təsdiqlətmək istiqamətində mühüm işlər görüb.

Bir xalqın tarixində onun istiqlalının ən mühüm məsələ olduğunu deyən akademik Rafael Hüseynov bildirib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti quruldu və cəmi 23 ay yaşadı. Azərbaycan xalqı 70 il müstəqillik həsrətində oldu. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Lakin Azərbaycanın dövlət müstəqilliyinin əbədi olması 1993-cü ildə respublikanın siyasi rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində mümkün oldu. Ümummilli Liderin siyasi zəkası və sarsılmaz qətiyyəti sayəsində ölkəmiz parçalanmaqdan, xaosdan, vətəndaş müharibəsindən qurtuldu, müasir Azərbaycan dövlətinin memarı olan bu misilsiz şəxsiyyət dövlətimizin iqtisadiyyatını dirçəltdi. Ulu Öndər XX əsrdə Azərbaycanın müstəqilliyini yenidən bərpa etdi, qorudu və möhkəmləndirdi. Azərbaycanın dövlətçilik tarixində və ölkəmizin müstəqilliyinin yenidən bərpa olunmasında Heydər Əliyevin böyük tarixi xidmətləri olub.

Ədəbiyyat Muzeyinin direktoru vurğulayıb ki, uzaqgörən rəhbər Heydər Əliyev Azərbaycanın istiqlalını XX əsrin sonlarının çox ağır, sınaqlı mübarizəli yollarından uğurla keçirərək XXI əsrə çatdırıb. Ümummilli Lider təkcə istiqlalımızı möhkəmləndirməyib, yalnız onun dönməzliyini, sarsılmazlığını təmin etməyib, həm də müasir Azərbaycan dövlətinin bünövrəsini, təməlini, dayaq sütunlarını yaradıb. Ulu Öndərin bütün sahələrdə uğurlu siyasəti Prezident İlham Əliyev tərəfindən böyük əzmkarlıqla davam etdirilir.

Diqqətə çatdırılıb ki, Heydər Əliyevin xalqın gələcəyi ilə bağlı ən mühüm addımlarından biri də sovet dövründə azərbaycanlı gənclərin Sovet İttifaqının qabaqcıl ali məktəblərində təhsil almağa göndərilməsini təşkil etmək idi. Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərində ali təhsil müəssisələrinin zəngin şəbəkələri yaradıldı, onların maddi-texniki bazası quruldu, respublikadan kənarda Azərbaycan üçün yüksəkixtisaslı mütəxəssislərin, xüsusən milli hərbi kadrların hazırlanması, elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması, Azərbaycanın milli təhsil sisteminın əsasının qoyulması üçün fövqəladə işlər görüldü.

“O, ixtisaslı hərbçi kadrların yetişdirilməsi məqsədilə Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmışdı. Qısa müddətdə burada yetişən gənc hərbçilər ozamankı Sovet İttifaqının müxtəlif guşələrində xidmət keçərək təcrübə qazandılar, 1980-ci illərin sonlarında Azərbaycan vətəndaşları müstəqillik çağırışı ilə meydanlara atılanda, öz ərazi bütövlüyünü qorumaq üçün mübarizəyə başlayanda həmin hərbçilərin əksəriyyəti Vətənə qayıtdı, xalqına xidmət etməyə başladı”, - deyə akademik Rafael Hüseynov əlavə edib.

Alim bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində, ictimai-siyasi fəaliyyətində elmə, mədəniyyətə, ədəbiyyat və sənətə önəm verib, yaradıcı simalara qayğı göstərib, Nəsiminin anadan olmasının 600, Füzulinin 500, Nizami Gəncəvinin anadan olmasının 840 illik yubileylərinin qeyd olunması, eləcə də xalqımızın digər tanınmış mütəfəkkirlərinin ildönümləri ilə bağlı sənədlər imzalayıb.

Daha sonra muzeyin Mədəni irs və mənbəşünaslıq şöbəsinin müdiri professor Xatirə Bəşirlinin “Heydər Əliyevin dövlət idarəçiliyində ədəbiyyatın yeri” mövzusunda məruzəsi dinlənilib. X.Bəşirli qeyd edib ki, ədəbiyyat vasitəsilə milli-mənəvi özünüdərk prinsiplərinin dərinləşməsi, azərbaycançılıq məfkurəsinin mənimsədilməsi dahi şəxsiyyət Heydər Əliyevin ədəbiyyat siyasətinin əsas prinsiplərindən olub. Məruzəçi Ulu Öndərin bu tarixi vəzifəni həm ölkə daxilində, həm də Azərbaycandan kənarda həyata keçirdiyini vurğulayıb. O diqqətə çatdırıb ki, Heydər Əliyevin siyasi kursunun bir istiqaməti olaraq Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, “Kitabi-Dədə Qorqud”un beynəlxalq miqyasda yubileylərinin keçirilməsi Azərbaycan xalqının qədim mədəni toplum kimi dünya miqyasında tanınmasına, dövlətimizə, xalqımıza etibarlı tərəfdaş qazandırmasına vəsilə olub.

Elmi sessiyanın növbəti məruzəsi “Ölümsüz bir ölümlə əbədiyyətə qovuşanlar” mövzusunda olub. Məruzəni təqdim edən muzeyin Komparativistika və bədii tərcümə şöbəsinin müdiri professor Şəfəq Əlibəyli Ulu Öndərin xalqa səmimi münasibətilə qəlbləri fəth etdiyini, əbədiyaşarlıq qazandığını qeyd edib. Ş.Əlibəyli diqqətə çatdırıb ki, Heydər Əliyev azərbaycançılıq məfkurəsi, siyasi irsi, dövlət inkişaf kursu, Azərbaycan sevdalılığı ilə tariximizə əbədi imza atıb. Məruzəçi – “Əbədiyyətə qovuşanlar içində tarixin sınaqlarından çıxmış, ömrünü xalqına həsr etmiş unudulmaz öndərimiz Heydər Əliyev də vardır”, – deyə vurğulayıb.

Tədbir Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş şeirlərdən ibarət sərgi ilə davam edib.

Xəbər lenti