AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi Orxan İsayev İraqın Telafər və Kərbəla şəhərlərində keçirilən beynəlxalq elmi konfranslarda iştirak edib.
İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, Telafərdə Avrasiya Regional Mərkəzi İslam Əməkdaşlıq Gənclər Forumu tərəfindən “Azərbaycan və İraq-türkman ədəbiyyatı” və “Azərbaycan dövlətçiliyi tarixində İraq türkmanlarının rolu” adlı beynəlxalq elmi konfransda Orxan İsayev “Azərbaycan – İraq-türkman ortaq ədəbi dəyərləri” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanlı alim hər il Telafərdə böyük təmtəraqla qeyd olunan Xıdır İlyas bayramında da iştirak edib.
Kərbəla Tədris və Araşdırmalar Mərkəzində “İraq türkmanları və azərbaycanlılar: ortaq mədəniyyət və tarixin səhifələri” adlı beynəlxalq konfransda isə Ədəbiyyat İnstitutunun əməkdaşının “Azərbaycan və İraq-türkman elmi, ədəbi-mədəni əlaqələrin tarixi” mövzusunda məruzəsi dinlənilib.
Konfranslar çərçivəsində o, türkman alimləri ilə fikir mübadiləsi aparıb. Görüşlərdə Azərbaycan və İraq türkmanları arasında əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi istiqamətində müəyyən addımların atılmasının vacibliyi vurğulanıb.