Beşinci “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi start götürüb.
TƏHSİL.BİZ xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, qeydiyyat “Yüksəliş” müsabiqəsinin rəsmi internet səhifəsi olan “yukselish.az” vasitəsilə həyata keçirilir. Müsabiqəyə müraciətlər aprelin 10-dək davam edəcək.
Fərhad Hacıyev “Yüksəliş” müsabiqəsinin ölkədə liderlik potensialının artırılması və innovativ idarəetmə bacarıqlarının inkişaf etdirilməsi baxımından mühüm platformaya çevrildiyini vurğulayıb.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2024-cü il 18 dekabr tarixində müvafiq Sərəncam imzalanıb.