Azərbaycan Dillər Universitetinin əməkdaşları Röya Abdurahmanova və Afaq Eminli Rumıniyanın ilk ali məktəbi olan Aleksandr İohan Kuza Universitetində Azərbaycan Multikulturalizm Mərkəzinin direktoru Lyudmila Bejenarunun dəstəyi ilə Xocalı faciəsinə həsr olunmuş təqdimat keçiriblər.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, təqdimat zamanı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda da baş vermiş qanlı hadisənin tarixi, səbəbləri və nəticələri barədə ətraflı məlumat verilib. Tədbirdə Xocalı soyqırımı zamanı həyatını itirən günahsız insanların xatirəsi yad edilib və bu faciənin insanlıq əleyhinə törədilmiş ağır cinayət olduğu vurğulanıb. Foto və videomateriallar vasitəsilə faciənin dəhşətli mənzərələri əyani şəkildə təqdim edilib.
Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və müxtəlif sahələrdən olan qonaqlar iştirak ediblər.