Logo

Azərbaycan Universiteti Milli Observatoriya ilə əməkdaşlığa başlayır

28.02.2025 17:06 49 baxış
IMG

Azərbaycan Universiteti ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, bu münasibətlə keçirilən görüşdə rektor Səadət Əliyeva rəhbəri olduğu ali məktəbin fəaliyyəti, tədris edilən ixtisaslar haqqında məlumat verib. Rektor bildirib ki, kadr hazırlığının aparılmasında əmək bazarının, o cümlədən müasir dövrün çağırışlarını nəzərə alınması, universitetin rəqabət qabiliyyətinin artırılması öncəliklər arasındadır. Tədqiqat universitetinə çevrilmək, universitet-sənaye əməkdaşlığının möhkəmləndirilməsi kimi istiqamətlərdə də davamlı və ardıcıl iş aparılır. Azərbaycan Universitetinin beynəlxalq reytinqlərdəki mövqeyi haqqında da məlumat verən rektor əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib.

Görüşdə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli qurumun fəaliyyəti haqqında məlumat verib. Nazirliyin təlim bazası və beyin mərkəzi olan Observatoriyanın beynəlxalq standartlar əsasında fəaliyyət göstərdiyini, sosial sahədə müxtəlif mövzular üzrə sorğu, monitorinq və təhlillər apardığını bildirən Elnur Səfərli qeyd edib ki, universitet məzunlarının məşğulluq göstəricilərinin təhlili də qurumun fəaliyyət istiqamətlərinə daxildir. Bu baxımdan ali təhsil müəssisələrinin Observatoriya ilə əməkdaşlığı böyük əhəmiyyət kəsb edir.

Daha sonra memorandumdan irəli gələn məsələlərin icrasına dair fikir mübadiləsi və müzakirələr aparılıb.

Qeyd edək ki, sənəddə Observatoriyanın fəaliyyətində universitetin elmi potensialından istifadə edilməsi, universitet tələbələrinin təcrübə proqramlarında, istehsalat təcrübəsində, o cümlədən seminar və təlimlərdə iştirakının dəstəklənməsi, Azərbaycan Universitetinin məzunlarının əmək bazarına adaptasiya vəziyyətinin təhlil edilməsi, birgə tədqiqatların aparılması, elmi-praktik konfransların, simpoziumların və digər tədbirlərin keçirilməsi, əmək bazarının kəmiyyət və keyfiyyət parametrləri nəzərə alınmaqla, perspektiv peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə olan tələbatın proqnozlaşdırılması kimi məsələlər öz əksini tapıb.

Memorandumu Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli imzalayıblar.

Xəbər lenti