Logo

Fərhad Hacıyev: “Yüksəliş” müsabiqəsinin ən gənc qalibinin 22 yaşı var

28.02.2025 17:08 45 baxış
IMG

2019-2024-cü illərdə “Yüksəliş” müsabiqəsi çərçivəsində ümumilikdə 53 min 410 namizəd iştirak edib. Onlardan 96 nəfər qalib elan olunub. Müsabiqənin ən gənc qalibinin 22 yaşı var.

“Azərbaycan müəllimi”  TƏHSİL.BİZ-ə istinadən xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, sonuncu – dördüncü “Yüksəliş” müsabiqəsində 15 min 877 nəfər qeydiyyatdan keçib və 25 nəfər qalib olub.

Fərhad Hacıyev bu müddət ərzində 25 imtahanın təşkil olunduğunu qeyd edib: “Ümumilikdə 1263 apellyasiya ərizəsi qəbul edilib. Bundan əlavə, 8 qiymətləndirmə konfransı keçirilib. Bu tədbirlər çərçivəsində 69 açar sual (keys) müzakirə edilib, 11 kompetensiya müəyyən olunub, 6 idarəçi rolu təsdiqlənib, 52 indikator işlənib hazırlanıb”. 

O, müsabiqədə 183 ekspertin iştirak etdiyini vurğulayıb: “Ümumilikdə 556 namizəd ekspert olmaq üçün müraciət edib. 4 mərhələli seçim prosesi aparılıb. Ekspertlər üçün 11 təlim keçirilib.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Müsabiqənin qeydiyyat mərhələsi bitənədək yaşı 21-dən 51-dək olan, ali təhsilli, ən az 2 il idarəetmə təcrübəsinə sahib Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə qoşula bilərlər.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2024-cü il 18 dekabr tarixində müvafiq Sərəncam imzalanıb.

Xəbər lenti