Logo

90 illik təhsil yolu keçmiş məktəb yubileyini qeyd edib - FOTOLAR

01.03.2025 12:54 49 baxış
IMG

Fevralın 28-i Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbin 90 illik yubileyi keçirilib. 

TƏHSİL.BİZ  xəbər verir ki, tədbirdə xarici işlər nazirinin müavini Elnur Məmmədov, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, təhsil işçiləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Mərasimdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbir iştirakçıları tərəfindən Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Məktəbin direktoru Nigar Hənifəyeva çıxış üçün söz alaraq rəhbərlik etdiyi təhsil ocağının uzunillik zəngin pedaqoji ənənələrindən və nailiyyətlərindən söz açıb. Qeyd olunub ki, məktəbin yüksək savada malik, peşəkar müəllim kollektivi var. 90 illik təhsil yolu qət etmiş məktəb özünün neçə-neçə tanınmış məzunları ilə seçilir. Cəmiyyətin müxtəlif sahələrində peşəkar kadrlar kimi fəaliyyət göstərən məzunlar öz uğurları ilə Vətənimizin inkişafında, tanınmasında xüsusi rol oynayırlar. Məktəb yarandığı gündən tariximizin müxtəlif dövrlərinin ağır sınaqlarından layiqincə çıxaraq Azərbaycan təhsilinə öz töhfələrini verib.

Direktor Ulu Öndər Heydər Əliyevin təhsilimizin inkişafına, müəllimlərə hər zaman yüksək diqqət və qayğı göstərdiyini söyləyərək bu ənənənin Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirilib ki, əbədiyaşar liderin ideyalarını həyata keçirən dövlət başçımızın rəhbərliyi altında Azərbaycan xalqı dəmir yumruq kimi birləşərək torpaqlarımızı azad etdi. Otuz illik torpaq həsrəti başa çatdı. Vətən, xalq bu vüsalın səbəbkarları olan şəhidləri və qaziləri heç vaxt unutmayacaq. Şəhidlərimiz bizim qəlbimizdədir, onlar yaşayır və hər zaman yaşayacaqlar. 

Nigar Hənifəyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu məktəbin məzunu olduğunu qürur hissi ilə qeyd edərək məhz onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə təhsillə bağlı çox sayda layihələrin reallaşdırıldığını deyib. Qeyd edilib ki, Heydər Əliyev Fondu tərəfindən tikilib istifadəyə verilən təhsil müəssisələri, uşaq bağçaları, tibb ocaqları Mehriban xanım Əliyevanın bir daha xalqımıza olan hədsiz məhəbbətinin ifadəsidir. Rəhbərlik etdiyi təhsil ocağının müəllim və şagird kollektivinin hər zaman öz məzunu ilə fəxr etdiyini söyləyən direktor bundan sonra da gənc nəslin təlim-tərbiyəsinin həyata keçirilməsində əzmlə çalışacaqlarını və neçə-neçə uğurlu nəticələrə imza atacaqlarına ümidvar olduğunu bildirib. 

Sonra  orta ümumtəhsil müəssisəsinin 90 illik təhsil yolundan bəhs edən, həmçinin məktəbin fəxri məzunu Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban Əliyevaya həsr olunmuş filmlər nümayiş olunub.

Yubiley mərasimi məktəbin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya və vaxtilə burada təhsil almış müğənnilər Elmira Ələkbərzadənin, Azad Şabanovun ifaları ilə davam edib.

Foto: Kənan QAFAROV

1/15

 

 

 


 

Xəbər lenti