Logo

Naxçıvanın Təhsil Nazirliyi ilə NDU arasında Əməkdaşlıq Memorandumu imzalanıb

04.03.2025 10:19 73 baxış
IMG

Naxçıvan Dövlət Universiteti və muxtar respublikanın Təhsil Nazirliyi arasında əməkdaşlıq görüşü keçirilib.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən TƏHSİL.BİZ -in bölgə müxbirinə bildirilib ki, görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, unversitet və nazirliyin rəhbər heyətləri, muxtar respublikada fəaliyyət göstərən 50 orta məktəbin direktorları, təhsil şöbələrinin müdirləri iştirak ediblər.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Təhsil Nazirliyi ilə əməkdaşlıq görüşünü yüksək qiymətləndirərək, ikitərəfli əlaqələrin təhsil mühitinin inkişafına yönəldiyini bildirib. Rektor universitetin ümumi fəaliyyətindən, kampusundan, tədris olunan ixtisaslardan söz açıb, ölkədə yeganə kampuslu universitet olaraq NDU-nun 10 fakültə, 45 kafedra, 3 kollec, 1 Kembric Məktəbi və 1 İngilis dili Təmayüllü Gimnaziya ilə fəaliyyət göstərdiyini qeyd edib. NDU-da hazırda 250 ixtisas tərkibində Azərbaycan dili ilə yanaşı, ingilisdili ixtisasların tədris olunduğunu, dünyanın 150-yə yaxın univesiteti ilə birbaşa əlaqələrin mövcudluğunu və əcnəbi tələbə sayına görə ölkədə lider ali təhsil müəssisəsi olduğunu vurğulayıb.

Tədrisin ölkə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılmasının əhəmiyyətinə toxunan rektor, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yeni təhsil proqramlarının hazırlanması istiqamətində atılan addımlardan bəhs edib. Bu yöndə ali təhsil səviyyəsində optimallaşdırma prosesləri həyata keçirildiyini, pedaqoji ixtisaslara yeni yanaşmaların tətbiqinin kadr hazırlığının keyfiyyətinə müsbət təsirini nəzərə çatdırıb. Rektor, həmçinin qəbul imtahanlarında yüksək bal toplayaraq NDU-da pedoqoji ixtisasları seçən abituriyentlərin sayının universitetdə qəbulun keyfiyyətinin yüksəlməsinə təsirindən bəhs edib. Həmçinin hazırda davam edən pedoqoji təcrübənin əhəmiyyətini vurğulayaraq, tələbələrin müfəssəl biliklər qazanmasını və onların müəllimlərin işə qəbul qaydaları barədə məlumatlandırılmasını təklif edib.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan NDU bu gün muxtar respublikada bütün təşkilatlar üçün kadr hazırlığında əsas bazadır. Təhsil Nazirliyi ilə universitet arasında qarşılıqlı əməkdaşlıq var. Təqdirəlayiqdir ki, bu tərəfdaşlıq Əməkdaşlıq Memorandumu ilə rəsmiləşəcək. Nazir vurğulayıb ki, bu görüş Naxçıvanın sosial-iqtisadi inkişafına dair Təfsilatlı Tədbirlər Planından irəli gələn məsələlərin icrası istiqamətində əməkdaşlığı daha da sıxlaşdırmaq və inkişaf etdirmək mahiyyəti daşıyır. Həm də müəllimlərin peşəkar inkişafına dəstək göstərilməsi, eləcə də nümunəvi təhsil mühitinin yaradılması məqsədinə hədəflənib.

Vurğulanıb ki, bu istiqamətdə NDU-nun maddi texniki bazalarından qarşılıqlı istifadə, birgə işçi qruplarının və müvafiq müsahibə komissiyalarının yaradılması, “açıq qaqı” günlərinin keçirilməsi, nümunəvi dərslərin təşkili, maarifləndirici görüşlərin olması nəzərdə tutulan əməkdaşlıq sahələridir. Eyni zamanda, muxtar respublika ümumtəhsil məktəblərində infosessiyaların keçirilməsi, müxtəlif olimpiadaların birgə təşkili, istedadlı şagirdlərin elmi-tədqiqat işlərinə cəlbi, NDU-nun elmi kitabxanası ilə tanışlıq və təcrübə mübadiləsi, sonuncu kurs tələbələri ilə görüşlərin təşkili, tələbə könüllülərinin dəstəyinin təmin edilməsi də bu yöndə planlaşdırılan tədbirlərdəndir.

Sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə Naxçıvan Dövlət Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Tədbirdə NDU-nun strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli ali təhsil ocağının strateji inkişafı üzrə fəaliyyətə dair təqdimatla çıxış edib.

Sonda ümumtəhsil məktəblərinin direktorları ali təhsil ocağında yaradılan tədris şəraiti ilə tanış olublar.

 

Xəbər lenti