Logo

Nazir müavini: Təhsilin bütün pillələrində yaşıl bacarıqların inkişafına xüsusi diqqət yetirilməlidir

06.12.2024 11:19 171 baxış
IMG

Təhsil cəmiyyətimizin ən güclü alətlərindən biridir. İnsanların düşüncələrini, yanaşmalarını dəyişmək və düzgün qərar qəbulunu təmin etmək üçün təhsil müstəsna rol oynayır. Təhsil vasitəsilə biz gənclərimizə bilik, azad düşüncə və səhvlərə qarşı həssas yanaşma kimi vacib dəyərlər aşılayırıq. İqlim dəyişikliyinə qarşı mübarizədə strateji yanaşmaların formalaşdırılmasında təhsilin rolu danılmazdır.

TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini İdris İsayev Bakı Ali Neft Məktəbində keçirilən “Dayanıqlı ətraf mühit: yaşıl enerjiyə keçid” mövzusunda beynəlxalq elmi konfransda deyib. O bildirib ki, bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi, təbii resurslardan səmərəli istifadə, biomüxtəlifliyin qorunması və davamlı kənd təsərrüfatının təmin edilməsi kimi hədəflərə məhz gənclərin bilik və bacarıqları ilə nail olmaq mümkündür: “Bu məqsədlə təhsilin bütün pillələrində – məktəbəqədər təhsildən tutmuş ali təhsilin ən yüksək səviyyələrinə qədər – bu bacarıqların inkişafına xüsusi diqqət yetirilməlidir.

Bu bacarıqlar bəzən “yaşıl bacarıqlar” adlanır və geniş sahəni əhatə edir. Yaşıl bacarıqlara olan tələbatın dünya miqyasında sürətlə artması diqqət çəkir. Statistik məlumatlara görə, yaşıl iqtisadiyyata keçidlə əlaqədar olaraq bu bacarıqlara ehtiyac 8-10 faiz artır. Təhsil sistemimiz bu tələbatı ödəmək üçün hazır olmalıdır”.

Xəbər lenti