Logo

BDU-nun 105 illik yubileyi çərçivəsində İnformasiya və sənəd menecmenti fakültəsinin təqdimatı olub

06.12.2024 11:40 176 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi çərçivəsində İnformasiya və sənəd menecmenti fakültəsinin təqdimatı keçirilib.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə çıxış edən rektor Elçin Babayev İnformasiya və sənəd menecmenti fakültəsinin tarixinə nəzər salıb. Azərbaycanda ali kitabxanaçılıq təhsilinə 1947-1948-ci tədris ilindən başlanıldığını qeyd edən rektor bildirib ki, həmin ildə BDU-nun Filologiya fakültəsində Kitabxanaçılıq şöbəsi yaradılıb. Şöbənin ilk ixtisas müəllimləri Xalq yazıçısı Süleyman Rəhimov, Əliheydər Qəhrəmanov, Hüseyn Tağıyev və Məryəmxanım Səmədova olub. 1958-1959-cu tədris ilində həmin şöbə Şərqşünaslıq fakültəsinin tərkibinə daxil edilib, 1962-ci ilin avqust ayında isə BDU-da müstəqil Kitabxanaçılıq fakültəsinin təşkil olunması haqqında qərar qəbul olunub. 2003-cü ildə fakültə Kitabxanaçılıq-informasiya fakültəsi adlandırılıb. 2023-cü ildə fakültənin yeni adı İnformasiya və sənəd menecmenti fakültəsi kimi müəyyənləşdirilib.

Rektor diqqətə çatdırıb ki, BDU-da aparılan islahatlar çərçivəsində fakültədə yeni ixtisas və ixtisalaşmalar yaradılıb. Təsadüfi deyil ki, son illərdə fakültəyə qəbul planı tam dolur. Bu günə qədər fakültəni 6 mindən çox məzun bitirib. Fakültədə yüksəkixtisaslı milli kadr hazırlığında Abuzər Xələfov, Hacı Həsənov, Zöhrab Əliyev, Əşrəf Xələfov, Bayram Allahvediyev, Tacəddin Quliyev, Rasim Kazımov, Fərman Bayramov, Sahib Rzayev və digər alim-pedaqoqların böyük xidmətləri olub. Hazırda fakültədə təlim-tədris prosesi ilə 50 nəfərdən çox professor-müəllim heyəti məşğul olur. Fakültə kollektivi BDU-nun ictimai həyatında da yaxından iştirak edir.

Sonra İnformasiya və sənəd menecmenti fakültəsinin fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Fakültə dekanı Ələmdar Bayramov, Redaksiya-nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, fakültənin məzunları - Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov, Vətən müharibəsi qazisi Qədir Daşdəmirov, fakültənin I kurs tələbəsi Zeynəb Xələfova çıxışlarında İnformasiya və sənəd menecmenti fakültəsinin tarixinə nəzər salıb, peşəkar kadr hazırlığında rolundan danışıblar. Qeyd olunub ki, BDU-nun ən böyük xidmətlərindən biri müxtəlif elm sahələri üzrə peşəkar kadrlar yetişdirməklə yanaşı, milli ruhun daşıyıcısı olmasıdır. İnformasiya və sənəd menecmenti fakültəsi də kadr hazırlığı prosesində bu ənənəni davam etdirir.

Tədbir musiqili proqramla davam edib.

Xəbər lenti